Azərbaycanlı alim erməni yalanını ifşa etdi
Uzun illərdən bəri Misirdə təhsil alan azərbaycanlı gənc tədqiqatçı alim və Azərbaycanın MƏR-dəki diasporanın fəal üzvü Seymur Nəsirov AzVision.az-a açıqlamasında ermənilərin daha bir yalanını üzə çıxardığını bildirib.
Seymur Nəsirov Şərq aləminin cəngavəri, öz igidliyi və ədaləti ilə dünyanı heyrətləndirən, orta şərqi və şimalı Afrikanı işğaldan azad edən, Tunisdən Yəmənə qədər böyük bir ərazinin hökmdarı olan Səlahəddin Əyyubinin əslən azərbaycanlı olduğunu, onun mənsub olduğu Əyyubilər nəslinin isə Azərbaycanın şimalında yerləşən Duvin şəhərindən orta şərqə köçdükləri ilə bağlı məlumatları meydana çıxarıb.
Şöhrəti, qəhrəmanlığı və igidliyi ilə dünyada ədalət simvoluna çevrilmiş Səlahəddin Əyyubinin əslən azərbaycanlı olması həqiqətən də qürurvericidir.
Tədqiqatçı dəfələrlə Misirin öndə gedən universitetlərində konfranslarda bu mövzuda çıxışlar edib. Qahirə universitetinin Ədəbiyyat fakültəsində “Azərbaycanı tanı” adlı simpoziumda, erməni kimliyini gizlədərək özlərini suriyalı kürdlər kimi təqdim edən iştirakçılarla elmi mübahisə aparıb, onları dəlil və sübutlarla susdurub.
Lakin bütün bu faktlara baxmayaraq, ermənilər Azərbaycanın uğurlarını və torpaqlarını hər zaman özlərinə mənsub etməkdən çəkinmirlər.
“Son zamanlar Səlahəddin Əyyubi ilə bağlı araşdırma apararkən Vikipediyada mövzu ilə bağlı geniş bir məqaləyə rast gəldim. Bu məqalədə ermənilər yalan məlumatlar yayaraq, saxtakarlıq etməyə çalışıblar. Belə ki, onlar Səlahəddinin Ermənistandan olduğunu qeyd ediblər və bu qeydlərdə böyük ərəb tarixçisi İbn Əsirin "Əl-Kəmil" və İbn Xallikanın "Vəfiyyətul Əyan" kitablarına istinad ediblər.
Halbuki onların göstərdiyi bu mənbələrdə Səlahəddin Əyyubinin azərbaycanlı olması qeyd olunub. Hətta İbn Xallikan, Səlahəddin Əyyubi başda olmaqla Əyyubilərin Azərbaycanın şimalında yerləşən Duvin şəhərindən olduğu haqda tarixçilərin yekdil rəy verdiklərini qeyd edir. Bundan əlavə Səlahəddin Əyyubi ilə bağlı oxuduğum əsərlərdə, Misiri işğaldan azad edilməsi zamanı ermənilərin ona qarşı müharibə etdiyini, Səlahəddinin isə qələbə çalaraq onları darmadağın etdiyi barədə xəbərlərə rast gəldim.
Bu zaman belə bir sual ortaya çıxır ki, əgər Səlahəddin Ermənistandan idisə, nə üçün ermənilər Misirdə onun əleyhinə çıxdılar və o da onları darmadağın edərək öldürdü? Bildiyimə görə Vikipediya saytında yerləşdirilmiş hər hansı yalan məlumat çoxsaylı şikayətlər əsasında silinə bilər. Ona görə də oxucularımızdan xahiş edirik ki, fəal olsunlar”-deyə S.Nəsirov vurğulayıb.
Qeyd edək ki, Seymur Nəsirov 20 ildən çoxdur ki, Misirdə təhsil alır və hal-hazırda Açıq Amerikan Universitetinin ərəb dili bölməsində doktorantura təhsilini davam etdirir. O, bu illər ərzində ərəb mənbələri əsasında Azərbaycan və azərbaycanlılarla bağlı məlumatları araşdırıb, öz elmi tədqiqatlarını bu mövzuya həsr edib.
Bunlardan bir neçəsini sadalamaq olar:
1) Qurani- Kərimdə Azərbaycan sözünün olması.
2) İlk dəfə olaraq Nizami Gəncəvinin Azərbaycanın Gəncə şəhərindən olmasını sübut edən ərəb mənbələrini tapmış, ərəb və azərbaycan dillərində elmi məqalələr dərc edib.
3) Qahirə kitabxanasında xeyli sayda azərbaycanlı alimin əlyazma nüsxələrini aşkarlayıb. Bunlardan Nizami Gəncəvinin “Xəmsə” əsərinin altı nüsxəsini misal göstərmək olar.
4) Dünyada öz sözünü demiş, orta şərqdə mühüm və yüksək vəzifələr tutmuş yüzlərlə azərbaycanlı alim, dahi şəxsiyyət və qəhrəman övladı üzə çıxarmaqda müvəffəq olub.
4830 dəfə oxundu