Komada olan Fuad Həsənovun yardıma ehtiyacı var

Komada olan Fuad Həsənovun yardıma ehtiyacı var


“Demokratiya Monitoru” təşkilatının rəhbəri Fuad Həsənovun sağlıq durumu ağırlaşıb. Hazırda hüquq müdafiəçisini xilas etmək üçün ictimai kampaniya başladılıb. Sivil Toplum Platforması (STP ) vətəndaş cəmiyyətinin tanınmış nümayəndələrindən olan Fuad Həsənova yardım edilməsi üçün müraciət ünvanlayıb.

STP vətəndaşları, aidiyyəti dövlət qurumlarını və beynəlxalq təşkilatları hüquq müdafiəçisinin həyatını xilas etməyə çağırıb.

“Yeni Müsavat” Fuad Həsənovun durumu ilə bağlı həyat yoldaşı Leyla xanımla əlaqə saxlayıb. O bildirib ki, hazıra F. Həsənov reanimasiyadadır və vəziyyətində heç bir irəliləyiş yoxdur: “Vəziyyəti ağırdır. Problem beynindədir. Lakin xəstəliyin nə olması ilə bağlı hələ ki dəqiq diaqnoz qoya bilməyiblər. Xaricdən mütəxəssislər gəlib, gözləyirik. Hazırda huşu özündə deyil”.

Qeyd edək ki, Fuad Həsənov hüquq müdafiəçisidir, “Demokratiya Monitoru” təşkilatının rəhbəridir. 1977-ci il təvəllüdlü F. Həsənov evlidir, bir körpə uşağı var. Hüquq müdafiəçiləri onun Azərbaycan vətəndaş cəmiyyəti üçün fəaliyyətini müsbət qiymətləndiriblər.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Fuad Həsənov insan hüquqları sahəsində çalışan ən fədakar hüquq müdafiəçilərindən biridir: “Mən Fuad Həsənovu təxminən 90-cı illərin sonlarından tanıyıram. O, həmin vaxt Azərbaycan Demokrat Partiyasının gənc liderlərindən biri idi. Partiyada katib vəzifəsində də çalışıb. Aksiyalarda, konfranslarda çox fəal olub. Politologiya üzrə təhsil alıb və çox savadlı insandır. 2000-ci illərin əvvəllərindən isə siyasi fəaliyyətini dayandıraraq, ictimai fəaliyyətə keçmişdi. Hüquq müdafiəçisi kimi çalışırdı. Mən xatırlayıram ki, xüsusən Nardaran hadisələri zamanı çox fəal idi, oradan məlumatların hazırlanmasında, xarici mediaya informasiya çatdırılmasında çox fəal idi. Geniş ictimaiyyət onu daha çox Nardaran hadisələrindən sonra tanımağa başladı. Bundan başqa, beynəlxalq hüquq-müdafiə təşkilatları ilə əməkdaşlığa başladı, sonra ”Demokratiya Monitoru" təşkilatını yaratdı və müstəqil olaraq insan hüquqlarının müdafiəsi ilə, siyasi məhbusların müdafiəsi ilə məşğul olurdu. Mən onu yüksək analitik qabiliyyətə malik olan fədakar bir insan kimi xatırlayıram. Bu sahənin ən cəsarətli, fədakar insanlarından biridir".

A. Məmmədli uzun müddətdir Fuad Həsənovun səhhətindən şikayətləndiyini bildirdi: “Son vaxtlar səhhətindən şikayətlənirdi. Bildiyiniz kimi, nəticəsi də pis oldu. Ən son onu iyun ayında gördüm, səhhətindən şikayət edirdi, əməliyyata hazırlaşırdı. Əfsuslar olsun ki, əməliyyat oldu, lakin nəticə ürəkaçan olmadı, səhhətində problemlər ortaya çıxdı”.
Qeyd edək ki, Sivil Toplum Platforması (STP) vətəndaş cəmiyyətinin tanınmış nümayəndələrindən olan Fuad Həsənova yardım kampaniyası elan edib. Hüquq müdafiəçisinə yardım məqsədilə onun həyat yoldaşının adına Azərbaycan Beynəlxalq Bankında hesab da açılıb.

Hesab nömrələrini təqdim edirik:

AZ63IBAZ33801019449278105216 (AZN);
AZ84IBAZ33811018409278105216 (USD);
AZ64IBAZ33811019789278105216 (EURO);

STP-nin verdiyi məlumata görə, hazırda hesaba hüquq müdafiəçisinə yardım məqsədilə vəsaitlər də daxil olur və yardım kampaniyası fərdi və təşkilati qaydada davam edir. Ancaq toplanmış vəsait hüquq müdafiəçisinin xilası üçün yetərli deyil.

F.Həsənovun həkimlərinin bildirdiyinə görə, sağalması üçün hüquq müdafiəçisinin ən qısa zamanda ölkə xaricinə aparılmasına ehtiyac var. Lakin təəssüf ki, ailəsinin, əzizlərinin, bir neçə fədakar insanın maddi imkanları bunu təmin etmək üçün yetərli deyil. F.Həsənovun xaricdə müalicəsinin yeganə mümkün çıxış yolu əlaqəli dövlət qurumlarının duruma müdaxiləsi ilə ola bilər.

Xatırladaq ki, F.Həsənov səhhətində yaranan problemdən sonra 2016-cı il iyunun 27-də əməliyyat olunub. Əməliyyatdan sonra vəziyyəti daha da pisləşib, başında kəskin ağırlar yaranıb. Bir gün sonra ikinci dəfə əməliyyat olunub. O, Avrasiya klinikasının reanimasiya şöbəsinə yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1032 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...