Mirşahin Ağayev: "Dövlətimiz olan yerdə beynəlxalq təşkilatlardan nəsə gözləmirik"

Mirşahin Ağayev: "Dövlətimiz olan yerdə beynəlxalq təşkilatlardan nəsə gözləmirik"


"ANS bütün addımlarını qanun çərçivəsində atır. Qanunların ədalətli şəkildə bərpa olunduğunu təsdiqləyən çoxlu fakt var. Biz dövlətimizə güvənirik, dövlətimizin də bu problemi tez bir zamanda araşdıracağına əminik".

APA-nın məlumatına görə, bunu ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev deyib.

O, dövlət olan yerdə beynəlxalq təşkilatlardan nəsə gözləmədiklərini də bildirib.

"Təbii ki, beynəlxalq təşkilatları maraqlandıran suallara imkan düşdükcə cavab veririk. Bu cavablar heç vaxt Azərbaycanın dövlət imicinə ziyan gətirməməlidir. Əslində bizim də məhkəməyə müraciət etməyimiz yaranmış anlaşılmazlığın aradan qaldırılmasına nail olmaqdır. ANS-in, 25 illik kanalın fəaliyyətinin dayandırılması barədə verilmiş qərarı dəyişdirmək gücü olan dövlətimiz var və biz inanırıq ki, biz qanunlarla ədalətin bərpa olacağına nail olacağıq. Bizim bütün addımlarımız qanun çərçivəsindədir", - deyə o qeyd edib .

Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə ANS-in “İnzibati aktın etibarsız hesab edilməsi” (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlı şikayətinin Bakı Apellyasiya Məhkəməsinə aid olub-olmaması araşdırılıb, işə 1 saylı Bakı İnzibati-iqtisad Məhkəməsində baxılması məqsədəuyğun sayılıb.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Eyni zamanda, MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
866 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...