“ASAN” dünya mükafatı aldı
ASAN xidmət” BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb.
ANS PRESS-in məlumatına görə, mükafat uğrunda seçim prosesi 2014-cü ilin oktyabrından 2015-ci ilin mayınadək davam edib. Bu prosesə dünyanın bütün ölkələrindən dövlət xidmətlərinin göstərilməsi sahəsində yüzlərlə təşəbbüs və layihə qatılıb.
“ASAN xidmət” seçim prosesinin bütün mərhələlərindən uğurla keçib və aprelin 20-24-də BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin illik sessiyasında qalib seçilib. “ASAN xidmət” “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görülüb.
Dövlət Xidmətləri Mükafatı 2003-cü ildə təsis edilib və dövlət xidmətləri sahəsində ən nüfuzlu beynəlxalq mükafatdır. Hər il təqdim edilən mükafat qalib təşkilatlarda mükəmməlliyin, peşəkarlığın, idarəetmənin və vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin edilməsinin beynəlxalq tanınmasıdır.
BMT-nin Dövlət Xidmətləri Mükafatının məqsədi dövlət idarəçiliyi sahəsində dünya ölkələrində mövcud olan ən qabaqcıl innovativ təcrübələri təltif etmək və bu kimi ən uğurlu təcrübələrin digər dövlətlər tərəfindən tətbiqini təşviq etməkdir.
Mükafat ənənəvi olaraq BMT-nin Dövlət Xidmətləri Günü kimi qeyd edilən iyunun 23-də xüsusi təşkil olunan təltifetmə mərasimində qaliblərə verilir. Builki mərasim iyunun 23-26-da Kolumbiyanın Medellin şəhərində keçiriləcək beynəlxalq forum çərçivəsində baş tutacaq.
1524 dəfə oxundu