Gömrük Komitəsinin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib
Rüşvət almaqda təqsirləndirilən Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun keçmiş əməkdaşı Cavid Məmmədovun cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
"Report" xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin vaxtı hələ ki məlum deyil.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rüşvət alan gömrük işçilərinin qanunsuz əməlləri ifşa edilib.
Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun əməkdaşı Cavid Məmmədovun postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Cavid Məmmədovun dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiya Federasiyasına qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb. Şahin İskəndərov və Cavid Məmmədova Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
455 dəfə oxundu