“O Uşaq Evinin direktoru mənim həyat yoldaşım deyil” – Qabil Hüseynli

“O Uşaq Evinin direktoru mənim həyat yoldaşım deyil” –
Bakıdakı 3 saylı Uşaq Evinin müdiri Məhbubə Hüseynova ətrafında yaranan qalmaqal səngimək bilmir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 73 yaşlı xanım müdir tanınmış politoloq, professor Qabil Hüseynlinin həyat yoldaşıdır.

Q. Hüseynli Yenisabah.az-a açıqlamasında bu xəbərin doğru olmadığını bildirib.

“Mən bunu yazan kəsə o xəbəri sildirdim və onu məhkəməyə verəcəyəm. Mən heç o müdirəni tanımıram. Mənim yoldaşım həkim-nevropatoloqdur. 3 ildən çoxdur ki, təqaüddədir. Kürəkənim şəhid Rəşad Atakişiyevin uşaqlarına baxır. Bu qurğunu quranlar kimdir, məqsədləri nədir, bilmirəm. İzahat verməyə çətinlik çəkirəm”.

Müsahibimizin iddiasına görə, bu məlumatı yayan Əli Kərimlinin partiyasına (AXCP) məxsus olan və özünü “siyasi məhbus” sayan bir şəxsdir:

“Onu adı Orxan Baxışdır. Mən ondan üzr istətdim. O da dedi ki, bunu hansısa bir statusdan götürüb. O statusu yazan adamı da tapmaq mümkün olmadı.

Ölkədə bir qrup var ki, suyu bulandırıb orada balıq tutmaq istəyirlər. Belə yaramaz, vətənini və xalqını sevməyən alçaqlar var ki, belə şeyləri uydurub atırlar. Mənim yoldaşım birinci dərəcəli həkim olub. O, vaxtilə 1 Nömrəli Uşaq Poliklinikasında uşaq nevropatoloqu olub. Ona görə də yoldaşım haqqında deyilənlərin hamısı uydurmadır”.

“Mənə qarşı şərəfsizlik və alçaqlıq edirlər. Mən hələ ki məhkəməyə vermək üçün fikirləşirəm. Mən yazını “screen” də etmədim ki, onu məhkəməyə verə bilim. Bunlar məsuliyyət dərk etmədən ağızlarına gələni yazırlar. Bunun hamısı başdan ayağa böhtan və şərdir. İmkan olsa, məhkəmə yolu ilə mübarizə aparacağam”, – əlavə edib.

Məlum hadisəyə şərh bildirən Q. Hüseynli bunu dövlət qurumları arasında gedən didişmə kimi qiymətləndirib:

“O ki qaldı bu hadisəyə, mən uşaq evinin müdirəsi kimdir bilmirəm, amma ruhi dispanserin həkimi söyləyib ki, uşaq sap-sağlamdır. Sadəcə olaraq nadinc uşaqdır. Bu səbəbdən də biz onu geri qaytarmışıq. Uşaq evi də qəbul etmək istəmir. Bu, 2 dövlət müəssisəsi arasında gedən bir didişmədir. Mən proseslərin içində olmadığım üçün qoy bunu Səhiyyə və Elm və Təhsil Nazirliyi öz aralarında həll etsin. Kim düz, kim əyridir, özləri müəyyənləşdirsin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
468 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...