Bakının "ölüm arakəsmələri" sökülür
"Ekologiya postu”na qədər yolda olan dəmir arakəsmələr beton plitələrlə əvəzlənir. Paytaxtın bəzi ərazilərindəki yollarda dəmir arakəsmələr sökülür. Onlar beton plitələrlə əvəzlənəcək. Bu barədə ANS PRESS-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, avtovağzalın qarşısındakı hissədən “Ekologiya postu” deyilən əraziyə qədər olan dəmir arakəsmələr beton plitələrlə əvəzlənir. "Artıq yolun bir hissəsində bu işlər həyata keçirilib. İşlər davam edir. Bundan başqa, Şamaxı yolundakı Hökməli dairəsindən Müşviq qəsəbəsinə qədər olan hissədə də betondan tökülmüş əyri yolayrıcı sökülür, onun yerinə də beton piltələr düzülür. Eyni zamanda, Şamaxı yolunda yaşayış məntəqələrinə keçən hissədə piyadalar üçün səkilər qurulur".
Qurum rəsmisi onu da qeyd etdi ki, yollarda dəmir arakəsmələrin beton plitələrlə əvəzlənməsi iqtisadi səmərəlilik cəhəddən əlverişlidir. Belə ki, ötən ilin son 9 ayı ərzində bu arakəsmələr 450 min manatadək yol təsərrüfatına ziyan vurub. Onun sözlərinə əsasən, yollarda qəza baş verənkən əzilmiş dəmirin pulunu sürücü verməli olduğu halda, bundan çox vaxt boyun qaçırır. Anar Nəcəfli deyir ki, sürücü məhkəməyə verilir, dəymiş ziyanı uzun müddətə ödəyir, həmin dəmir arakəsmələr də əzilmiş vəziyyətdə uzun müddət düzəlməmiş halda qalır, sonda bunu cəmiyyət təmir edir, bu baxımdan beton plitələr daha əhəmiyyətlidir.
"Təəssüflər olsun ki, sürücülük mədəniyyəti olmayan sürücülərimiz var. Odur ki, tez-tez yol qəzaları baş verir və dəmir arakəsmələrə dəyən maşın da, onu idarə edən şəxs də ağır vəziyyətə düşür. Xarici ölkələrin əksəriyyətində dəmir plitələrdən istifadə olunur. Çünki onlar yol hərəkət qaydalarına daha dəqiq əməl edirlər", - deyə qurum rəsmisi vurğulayıb.
Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov da əslində, dəmir arakəsmələrin beton plitələrdən daha səmərəli olduğunu deyir: "Əslində, standartlara uyğun olsa, dəmir arakəsmələr daha yaxşıdır. Çünki onlar qəzalar zamanı əyilərək, avtomobili qorumalıdır. Amma bizdə, görünür, standarlara uyğun deyil ki, o, maşını da, içərisindəki sürücünü də kəsir. Beton plitələr isə daha təhlükəlidir. Ona bərk çırpılan maşın da sıradan çıxır, sürücü ağır xəsarət alır, ya da ölür".
Ərşad Hüseynov onu da əlavə etdi ki, dəmir arakəsmələrin beton plitelərlə əvəzlənməsi ən çox onların əzilməsi zamanı yenidən pul xərcləyib bərpa etməsi ilə bağlıdır. Amma beton plitələr zamanı əzilən yalnız maşın olacaq, plitələrə heç nə olmayacaq.
Səbəbin nə olmasından asılı olmayaraq, yollara arakəsmə qoyularkən iki amil daha çox nəzərə alınmalıdır: iqtisadi vəziyyətin aşağı olduğu bir vaxtda nisbətən ucuz, amma keyfiyyətli və zədələnməsi az olan, eyni zamanda, ona dəyən maşını da zədələmək baxımından çox da sərt olmayan arakəsmələrə üstünlük verilməlidir. Bundan başqa, həmin arakəsmələr qəzalar zamanı insan tələfatının az olmasına xidmət etməlidir.
Azərbaycanda da belə araakəsmələr dəfələrlə baş verən qəzaların daha ağır nəticələr verməsi ilə nəticələnib. Son dəfə isə belə hadisə 2015-ci il sentyanr ayının 17-də baş verib. Bakı-Sumqayıt yolunda mikroavtobus maneəyə çırpılıb. Nəticədə insan təlafatı daha da artmışdı. Oktyabr ayında isə Bakı-Sumqayıt yolunda avtomobillə dəmir arakəsməyə
çırpıb. Qəza o qədər şiddətli olub ki, dəmir arakəsmə avtomobilin qabaq hissəsindən girərək arxasından çıxıb. Dəmir arakəsmələrin keyfiyyəti məsələsi Milli Məclisdə də müzakirə edilib. Deputatlar arakəsmələrin yoxlanılmasını təklif ediblər.
Xarici ölkələrə nəzər salsaq görərik ki, yol qəzalarında ölüm hallarının 90%-i maşınların toqquşması, yüksək sürət nəticəsində baş verən qəzalarda qeydə alınır. Millət vəkili Elmira Axundova, əyri xətli tirlərin keyfiyyətinin yenidən yoxlanılması təklifi ilə də çıxış edib. O bildirib ki, bu arakəsmələrdən Qərbdə də istifadə olunur. Amma onların sınaq müddətində heç bir ağırtonnajlı yük maşınları bu arakəsmələri sındıra bilməyib. Bizdə isə bu arakəsməni kiçik bir sərnişin maşını yarıb keçə bildi. Bunun üçün də bu arakəsmələrin açıq ekspertizası mütləqdir.
1015 dəfə oxundu