Abşeron rayonunda iftar süfrələri açılıb
Abşeron Rayon İcra Hakimiyyəti və RİH yanında İştimai Şura tərəfindən şəhidlərimizin ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, din xadimləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir.
RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun Vətən müharibəsində düşmən üzərində şanlı qələbə qazanması ilə bütün şəhidlərimizin qisası alınmışdır. İşğaldan azad olunan yurdumuzda kənd və qəsəbələrimizin, rayon və şəhərlərimizin surətli şəkildə yenidən qurulduğunu, soydaşlarımızın artıq geri döndüklərini vurğulayan RİH başçısı qeyd etmişdir ki, ölkəmizin hər bir bölgəsində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə, ümumilikdə müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərilir.
Daha sonra Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron Rayon İcra Hakimiyyəti yanında İştimai Şuranın sədri Xatirə İsmayılova və ilahiyyatçı Rasim Xadaverdiyev çıxış edərək ordumuzun gücündən, Silahlı Qüvvələrimizin hər bir təxribatın qarşısını almağa qadir olmasından, o cümlədən dövlətimizin qarşıya qoyduğu bütün məqsədlərə çatmasından söz açmış, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə etmişlər.
Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin və yerli bələdiyyələrin birgə təşkilatçılığı ilə Xırdalan şəhəri də daxil olmaqla rayonun bütün kənd və qəsəbələrində Ramazan ayı ərzində şəhid ailələri, qazilər və aztəminatlı ailələr üçün iftar süfrələri açılmış, şəhidlərimizin ruhuna dualar oxunmuşdur.
486 dəfə oxundu