İcra başçısının qardaşının ölümü ilə bağlı yeni məlumatlar
Dünən axşam saatlarında Kürdəmir rayonunun Pirəköcə kəndində intihar edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı, 48 yaşlı Azər Azay oğlu Qaraşovla bağlı bəzi məqamlar üzə çıxıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azər özünü yaşadığı evdə güllələyərkən otaqda tək olub.
İlkin araşdırmalar zamanı məlum olub ki, A.Qaraşovun həyat yoldaşı, övladları və anası hadisə vaxtı evdə olsa da, digər otaqlarda olublar. A.Qaraşov bir neçə dəqiqə əvvəl həyat yoldaşına harasa gedəcəyini və geyimlərini hazırlamasını deyib. Bir qədər sonra isə otaqdan atəş səsi eşidilib. A.Qaraşovun olduğu otağa ilk olaraq anası daxil olub və oğlunun özünü qarnından güllələdiyini görüb.
Dərhal hüquq-mühafizə orqanlarına və təcili tibbi yardıma müraciət edilib. Lakin bir neçə dəqiqə sonra A.Qaraşov dünyasını dəyişib.
Hadisə yerinin araşdırılması zamanı evdən beşatılan növ tüfəng aşkar edilib. A.Qaraşovun qarnından aldığı xəsarətlərdən ölümü müəyyən edilsə də, hadisə vaxtı evin tavanında da güllə izləri müəyyən edilib.
Tüfəng və digər maddi sübutlar prokurorluq əməkdaşları tərəfindən götürülüb. Müvafiq ekspertizalar təyin edilib. Qeyd edək ki, A.Qaraşov Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb.
Xatırladaq ki, Lənkəran Şəhər İcra Hakimiyyəti hadisənin ehtiyatsızlıq səbəbindən baş verməsi barədə məlumat yayıb.
419 dəfə oxundu