KEÇMİŞ OMON-lar: “BİZİ ƏFV EDİN, CƏBHƏYƏ GEDƏK!”
“Cənab prezident, biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğunuz prinsipial mövqeni və siyasəti dəstəkləyir, o cümlədən 2-5 aprel günlərində cəbhə xəttində əldə olunan qələbələrin davamının gəlməsini arzulayır, hər an işğaldakı torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazır olduğumuzu bildiririk”.
TİA.AZ-ın məlumatına görə, bu sətirlərin müəllifi hazırda Qobustan Qapalı Həbsxanasında ömürlük çəza çəkən keçmiş “OMON”lar Poladov Səfa və Kazımov Arifdir.
Ömürlük məhbuslar dövlət başçısı İlham Əliyevə müraciətində əldə silah vətənin azadlığı uğrunda savaşmağa, candan keçməyə hazır olduqlarını bəyan ediblər. Keçmiş OMON-lar bildiriblər ki, son əməliyyatlarda Azərbaycan bir daha öz ərazilərinin düşməndən hərbi yolla azad etməyə qadir olduğunu sübut edib: “Cənab prezident, biz Qarabağda gedən döyüşlərdə iştirak edib və sülh sazişi bağlanana qədər cəbhə bölgəsində qulluq etmişik. Hər ikimiz Ermənistan ərazisində 17 məxfi əməliyyat keçirmişik.
Qeyd edək ki, bu 17 əməliyyatın hamısından ölkə rəhbərliyinin də xəbəri olub və əməliyyatlar uğurlu keçib. Baxmayaraq ki, həbsdə olduğumuz bu illər ərzində səhhətimizdə çox ciddi problemlər yaranıb, bununla belə yenə də ordumuza dəstək verməyə, təcrübəmizdən istifadə olunmasına, Qarabağımızın düşmən tapdağından azad olunmasına bu an da hazırıq”.
S.Poladov və A.Kazımov müraciətində ölkə başçısından əfv olunmasını istəyiblər: “1996-cı ildən həbsdəyik. OMON hadisələrinə görə həbs olunmuşuq. 1996-cı ildə bizə verilən ölüm cəzası 1998-ci ildə ömürlük həbslə əvəz olunub. Hər ikimiz və valideyinlərimiz əfvlə bağlı müraciətlər etsək də, verilən əvf fərmanlarının heç biri bizə şamil olunmayıb. Hər ikimizin kifayət qədər ciddi xəstəlikləri var və hər ikimizə cərrahi müdaxilə olunub.
Hazırda səhhətimiz qənaətbəxş deyil. Bundan əlavə olaraq bildirək ki, həbsdə olduğumuz müddətdə biz valideynlərimizi itirmişik. Xüsusi ilə vurğulamaq istərdik ki, törətdiyimiz cinayət Rəhim Qazıyev, Ələkrəm Hümmətov, Sürət Hüseynov, İsgəndər Həmidov və digərlərinin cinayətindən ağır deyil. Lakin adlarını sadaladığımız insanlar azadlıqda olduqları halda, biz iki döyüşçünün həbsdə olması anlaşılan deyil.
Bundan əlavə olaraq OMON-un komandiri əfv edilərək azadlıqda olduğu halda OMON-un əsgərlərinin həbsdə olması aydın deyil. Cənab prezident, hər ikimiz yetərli qədər cəzalamızı çəkmişik. Hər ikimiz günlərimizi Allaha ibadət etməklə keçiririk. Bu müddət ərzində heç bir rəis bizdən narazı olmayıb.
Bunu bizi ziyarət edən hüquq müdafiəçiləri də təsdiq edə bilər. Sizə müraciət etməkdə məqsədimiz yuxarıda sadaladıqlarımızı nəzərə alaraq, bizim əfv olunmağımızı və hər an Qarabağ üçün döyüşmək istədiyimizi xahiş etməkdir”.
1525 dəfə oxundu