Əli Həsənov: “Müharibə qaçılmazdır”

Əli Həsənov: “Müharibə qaçılmazdır”


Azərbaycan Dağlıq Qarabağla bağlı tələblərini kəskin şəkildə qoyur. Həm BMT Təhlükəsizlik Şurasının üzvləri, həm ATƏT-in Minsk Qrupunun rəhbər dövlətləri qarşısında məsələ qaldırılır ki, mövcud status-kvo aradan qaldırılsın.

Report-un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzTV-də "Həftə" verilişinə müsahibəsində deyib.

Ə.Həsənov qeyd edib ki, dünya dövlətləri son 10 ildə Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq tribunalardan səsləndirdiyi təklifləri nəzərə alıb, onları həyata keçirməyə cəhd göstərsəydilər, nə Avropa çoxmilyonlu qaçqın problemi ilə üz-üzə qalardı, nə də getdikcə intensivləşən münaqişələr baş verərdi:

"Prezident İlham Əliyevin səsləndirdiyi təkliflər beynəlxalq, regional səviyyəli münaqişələrin aradan qaldırılması, birgəyaşayış normalarının təkmilləşdirilməsi, dövlətarası sivil münasibətlərin yaxşılaşdırılması, əməkdaşlıq, tərəfdaşlıq münasibətləri ilə bağlıdır. Prezident İlham Əliyevin fikirləri nəzərdə alınsaydı, sistemləşdirilib tətbiq edilsəydi, bu gün dünya münaqişələrlə qarşılaşmazdı. Təəssüflər olsun ki, dünyada reallıq budur, biz istəsək də, bu reallığı dəyişmək gücündə deyilik".

O vurğulayıb ki, Azərbaycan təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda haqlı olduğunu, haqlı olduğu qədər də tələbkar olduğunu ortaya qoyur:

"Həmin təşkilatların əksəriyyəti Ermənistanı işğalçı dövlət kimi tanıyıblar, torpaqların işğaldan azad olunması ilə bağlı qətnamə qəbul ediblər. Amma təəssüflər olsun ki, Ermənistana təzyiq etmək məsələsinə gəldikdə, onlar öz qərarlarından müəyyən qədər geri çəkilirlər. Bunun birinci səbəbi dünya siyasətindəki ikili standartların mövcud olmasıdır. İkincisi, xristian həmrəyliyinin olmasıdır, bəzilərində islamafobiya xəstələyinin hökm sürməsidir. Onlar Azərbaycana müsəlman dövlət olduğu üçün lazımi dəstəyi vermirlər. Burada erməni diasporunun təsiri də var. Böyük dövlətlərin Ermənistan-Azərbaycan münaqişə zonasının qalmasında maraqlı dairələri var, yəni, Cənubi Qafqazda sülh olmasın.

Gözləyirik ki, iyun ayında ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistana ciddi təzyiq göstərsinlər, konstruktiv mövqeyə məcbur etsinlər. Danışıqlar müsbət nəticə verərsə, tərəflər münaqişənin mərhələləli həlli üçün güzəştə gedəcəklər. Sülh danışıqları nəticə verməzsə, status-kvo aradan qaldırılmazsa, müharibə qaçılmazdır. Bunu bütün beynəlxalq aləm bilir. Müharibə başlayacaqsa, Azərbaycan öz torpaqlarını qısa müddətdə azad edəcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1075 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...