Dövlət Taxıl Fondu fermerlərə müraciət edib

Dövlət Taxıl Fondu fermerlərə müraciət edib


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondu yüksək keyfiyyətli buğdanın tədarükü ilə bağlı fermerlərə müraciət edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov jurnalistlərə bildirib.

O deyib ki, fond ölkə üzrə 15 qəbul məntəqəsində, “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru” və digər elevatorlarda buğda qəbulu həyata keçirir: “Biz bu il qəbul məntəqələrində Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, eləcə də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakını məqsədəuyğun hesab etmişik. Məntəqələr elə seçilib ki, ölkənin bütün regionları əhatə olunsun və fermerlər məhsulu uzaq məsafəyə daşımadan təhvil verə bilsin”.

Z.Məmmədov fermerlərdən yalnız yüksək keyfiyyətli buğda tədarük edildiyini bildirib: “Bəzən istehsalçılar yanlış olaraq taxıl biçilən kimi bu məhsulu gətirib təhvil verirlər. Yaxşı olar ki, fermerlər İqtisadiyyat Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditə olunmuş laboratoriyalara müraciət etsinlər və analız nəticələri Nazirlər Kabinetinin qərarına uyğundursa, qəbul məntəqələrinə gətirib təhvil versinlər. Laboratoriyalarda məhsulun keyfiyyətinin yoxlanılması ödənişsizdir".

O əlavə edib ki, bəzən fonda təklif olunan buğdaların keyfiyyət göstəriciləri Nazirlər Kabinetinin təsdiq etdiyi keyfiyyət göstəricilərinə uyğun gəlmir: "Çünki bəzi hallarda fermerlər baha satmaq üçün məhsulu müəyyən müddət saxlamağa çalışır. İdeal saxlanma şəraiti olmadığına görə məhsullara xəstəlik düşür və məhsul yararsız olur".

Z.Məmmədov qeyd edib ki, yerli buğda istehsalçılarından alınacaq buğdanın qiyməti 1 ton üçün 250 manat müəyyən edilib: "Fermerlərdən yüksək keyfiyyətli buğda həm qonşu ölkələrdən, həm də yerli bazardakı qiymətdən 20-30 manata baha alınır. Bu da yerli fermerlərin taxıl istehsalına marağını artırmaq və yerli istehsalı stimullaşdırmaq məqsədi daşıyır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1029 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...