Pentaqon, Pakistana hərbi kömək göstərməkdən imtina etdi!
AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ müdafiə nazirliyinin başçısı Eşton Karter Pakistana nəzərdə tutulmuş 300 milyon dollarlıq hərbi yardım göstərməkdən imtina edib
Səbəb kimi, Əfqanıstandakı silahlılara qarşı mübarizənin uğursuz olması irəli çəkilir. Bu barədə çərşənbə günü «The Washington Post» qəzeti yazıb.
«Pentaqon Pakistan üçün nəzərdə tutulmuş 300 milyon dollarlıq yardımdan imtina edib. Bu, ABŞ-Pakistan münasibətlərinə bir zərbə və İslamabadın Əfqanıstandakı silahlılarla mübarizə aparmağa həvəssiz olmasının işarəsi sayıla bilər» – deyə, qəzet yazır.
«Karter, Talibanla birləşmiş və ABŞ və müttəfiqlərin hərbçilərinə hücumlar təşkil edən qruplaşmalarla mübarizədə Pakistanın yetərli tədbirlər görməsi barədə Konqresə sənəd təqdim etməmək qərarına gəlib…» – deyə, qəzet Pentaqonun nümayəndəsi Adam Stampdan sitat gətirir.
Onun məlumatına görə, Pentaqon rəhbərinin bu qərarı o deməkdir ki, Pakistan 300 milyon dollarlıq hərbi yardımı ala bilməyəcək. Bu yardım Pakistanın hərbi əməliyyatlar keçirmək fəaliyyətində əhəmiyyətli rol oynamalı idi.
«Bu imtina, Vaşinqtona və onun müttəfiqlərinə yönəlik münasibətlərdə gərginliyin olmasından xəbər verir və bir çox vəzifəli şəxslərin silahlı birləşmələrə yönəlik ikiüzlü yanaşma sərgilədiyini ortaya qoyur. Beləliklə, ABŞ administrasiyası ilk dəfə olaraq, «Hakkani şəbəkəsi» qruplaşması üzündən Pakistana hərbi yardım göstərməkdən imtina edib. Bu şəbəkə ABŞ-ın Əfqanıstandakı narahatlığının əsas mənbəyi sayılır. Bəzi amerikalı məmurların təsdiqlədiyinə görə, şəbəkənin üzvləri ötən il Pakistan kəşfiyyatı ilə təmasda olublar» - deyə, məqalədə xəbər verilir.
Qeyd edək ki, 2002-ci ildən üzübəri ABŞ, İslamabada hərbi yardım proqramı çərçivəsində 14 milyard dollar vəsait ayırıb. Vəsait silahlı qruplaşmalarla hərbi əməliyyatların aparılmasına yönəldilib.
1000 dəfə oxundu