I rübdə Azərbaycanda neft hasilatı 200 min ton azalıb
SOCAR bu ilin I rübündə 2 mln71,4 min ton neft hasil edib.
Turan SOCAR-ın saytına istinadə bildirir ki, 2014-cü ilin I rübündə bu göstərici 2 mln 108,7 min ton olub. Bu ilin I rübündə hasilat 37,3 min ton və ya 1,8% azalıb.
2015-ci ilin martında SOCAR 717,2 min ton neft hasil edib. Ötən martda bu göstərici 741,6 min ton təşkil edib.
SOCAR-ın hesablamasına görə, I rübdə Azərbaycanda 10 mln 682,7 min ton neft çıxarılıb. 2014-cü ilin I rübü ilə müqayisədə bu göstərici 201,5 min ton və ya 1,85% azalıb.
Dövlətstatkoma görə, bu ilin I rübündə ölkədə 10 mln 669,1 min ton neft (+1,4%) çıxarılıb. Əmtəəlik neft hasilatı 10 mln 545,1 min ton (+1,8%) olub.
SOCAR-la Dövlətstatkomun rəqəmlərində ciddi fərq var. Səbəb nədir? Ötən il BP World Statistical Review hesabatının təqdimatında Turan-ın müxbiri BP və Dövlətstatkomun rəqəmlərindəki fərq məsələsini qaldırıb. Bu zaman BP-nin baş iqtisadçısı deyib ki, ВР öz hesabatını Qərbdə qəbul edilən beynəlxalq standartlarla aparır. Dövlətstatkom isə sovet standartları ilə işləyir. Bu, təbii qaz həcmi hesablananda daha aşkar görünür. ВР təmsilçisi deyib ki, SOCAR da hesablamalarda beynəlxalq standartlara əsaslanır.
Gerçəkdən paradoksal vəziyyətdir: ВР-Azerbaijan və SOCAR bir, DSK başqa metodologiya ilə işləyir. 20 ildən çoxdur ki, neft sənayesində texnologiyalar Qərbindir, dövlət “sovet” qaydası ilə hesabat aparır.
2014-cü ildə ölkədə neft hasilatı həcmi 41,9 mln ton olub. Bunun 8 mln 402,5 min tonu SOCAR-ın payına düşür.
1527 dəfə oxundu