Ramazandan sonra şou əhli nə edir?
Ramazan ayının başa çatmasıyla artıq toy mövsümü başlayıb, restoran və şadlıq evlərində canlanma hiss olunur. Adətən şou əhli Ramazanda istirahətə yollanır, bayram bitdikdən sonra isə yenidən fəaliyyətə keçir, el şənliklərində iştirak edirlər. Lakin hazırda isti yay ayları olduğundan bir çoxları hələ də istirahətlərinə davam etməyə üstünlük verir. “Yeni Müsavat”ın əməkdaşı bir sıra tanınmış şou əhlinin hazırda nə işlə məşğul olduqları barədə maraqlanıb.
Müğənni Nadir Qafarzadə ATV telekanalında yayımlanan “Azərbaycanın səsi” yarışmasında münsif olduğuna görə hələ ki, istirahətdən uzaq düşüb. Müğənni “Yeni Müsavat”a açıqlamasında bildirib ki, toy mövsümünün başlanmasına baxmayaraq iştirak etdiyi verilişə görə toylara gedə bilmir:“Bu günlərdə bir neşə yaxın həmkarım ilə qocalar evinə getmişdik. Bu cür tədbirlərdə iştirak edirəm, lakin hələ ki, toylara getmək və yaxud da istirahət etmək üçün vaxt imkanım yoxdur”.
Müğənni Xatirə İslam isə ümumiyyətlə yay aylarında toylara getmədiyini deyib:
“Bütün yayı istirahət etməyi xoşlayıram. Hazırda evdə ailəm ilə birlikdə dincəlirəm”.
Əməkdar artist Nüşabə Ələsgərli də heç bir yaradıcılıq işləri ilə məşğul olmadığını bildirib: “Hələ ki, dincəlirəm. Çox az sayda toylara dəvət almışam. Yəqin ki, insanlar daha çox istirahət etmək istəyir, buna görə də toyların sayı çox azdır”.
Əməkdar artist Tünzalə Ağayeva isə yorğun iş rejimindən sonra axır ki, istirahətə vaxt ayıra bilib. Müğənni bir neçə Avropa ölkələrini gəzdikdən sonra Türkiyəyə yollanacaq. Bu barədə əməkdar artistin prodüseri Yalçın Cabbarov əməkdaşımıza məlumat verib.
Xalq artisti Könül Kərimova artiq toy mövsümünə start verib. Müğənni bildirib ki, havaların isti keçməsinə baxmayaraq hər zaman işlə məşğul olmağı sevir.
Bəstəkar-müğənni Elza Seyidcahan da bütün yayı işləmək məcburiyyətində oluğunu deyib:
“Bilirsiz ki, “Azərbaycanın səsi” müsabiqəsində münsiflər heyətindəyəm. Bu səbəbdən bəzən toylara da gedə bilmirəm. Hazırda bir neçə layihəm var ki, onlar üzərində də işləyirəm. Məsələn, Leyla Əliyevanın “Lyudi” adlı şeirinə mahnı bəstələmişəm. Mahnı bu yaxınlarda Rus Dram Teatrında eyni adlı tamaşada səslənəcək. Mahnı elegiya janrında yazılıb və dövlət simfonik orkestrinin ifasında tamaşaçılara təqdim olunacaq.
Çox təssüf ki, ötən ildə olduğu kimi bu il də istirahətə yollana bilməyəcəm. Bəzən Türkiyədəki dostlarımla görüşmək üçün qərarlaşırıq, lakin sonradan işlə bağlı problemlər ortalığa çıxır və mən yenə də ölkədən kənara çıxa bilmirəm”. Əməkdar artist ölkədə neftin qiymətinin aşağı düşməsinin şou biznesə necə təsir etdiyi barədə də danışıb:
“Ölkədə neftin və yaxud da manatın dəyərinin aşağı düşüb düşməməsindən aslı olmayaraq mən həmişə qiymətlərdə sabitliyə ustünlük verirəm. Xalqı da başa düşmək lazımdır. Əgər bu gün xalqın köməyi ilə bu sənətdən gəlir əldə ediriksə, deməli, çətin anlarda da xalqın yanında olmalıyıq”.
Digər xalq artisti Məleykə Əsədova isə hər zamankı kimi qızı Gülər ilə birlikdə xarici ölklərdə istirahət edir. Bu barədəd xalq artisti sosial şəbəklərdə məlumat paylaşıb. M.Əsədova Litviyada Eqle sanatoriyasında gözəl istirahət etdiyini bildirib.
Müğənni-bəstəkar Cabbar Musayev isə müqəddəs Ramazanın bitməyini səbrisizliklə gözlədiyini və hazırda qızğın iş başında olduğunu deyib: “Artqı toy mövsümü başlayıb və biz musiqiçilər iş başındayıq. Doğrudur, bu günlərdə neftin qiyməti aşağı düşdü. Lakin bundan aslı olmayaraq biz qiymətlərdə heç bir dəyişiklik etməmişik. Yəni, həmişəki qaydada işlərimiz davam edir”.
1191 dəfə oxundu