Sürücülərin diqqətinə - HƏR AN AVTOMOBİLİNİZİ ƏLİNİZDƏN ALA BİLƏRLƏR

Sürücülərin diqqətinə - HƏR AN AVTOMOBİLİNİZİ ƏLİNİZDƏN ALA BİLƏRLƏR


Yol polisinin yeni avtomobillərinə quraşdırılan cihazlar cəriməsi olan nəqliyyat vasitələrini dərhal aşkar edir

Bu ilin fevralında Azərbaycana gətirilən yeni yol-patrul xidməti avtomobillərinin üstünlükləri barədə məlumat vermişdik. İyun ayının əvvəllərində istifadəyə verilən həmin avtomobillərdəki müasir qurğular ödənilməmiş cəriməsi olan, saxta nömrə ilə idarə edilən, müxtəlif qayda pozuntuları törədən nəqliyyat vasitələrini dərhal aşkarlamaq imkanlarına malikdir. Ucnoqta.az xəbər verir ki, ötən ay həmin avtomobillərdə müasir qurğulardan istifadə etmək tam mümkün olmamışdı. Hətta, əldə etdiyimiz məlumata görə, bəzi cihazlar istifadə olunmadan sıradan çıxıb. Yol polisi əməkdaşları bir ay ərzində yeni avtomobillərdəki qurğulardan tam istifadə edə bilməyiblər. Yalnız siren səsdən və sayrışan işıqlardan istifadə mümkün olub ki, bəzən bu qurğularda da problemlər ortaya çıxıb. Lakin iyulun əvvəllərindən başlayaraq Daxili İşlər Nazirliyinin Təchizat İdarəsi həmin avtomobilləri bir daha yoxlamadan keçirib və müvafiq qurğular tam olaraq işə salınıb. Ötən aya nisbətən bu aydan etibarən yol polisi əməkdaşları həmin müasir qurğulardan istifadə bacarığını da mənimsəyiblər.

Son günlər Ucnoqta.az-a daxil olan məlumata görə, yeni DYP maşınlarındakı qurğuların köməyi ilə ödənilməmiş cəriməsi olan yüzlərlə avtomobil saxlanılaraq cərimə meydançasına salınıb. Çünki bu qurğular artıq Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi-Məlumat Sisteminə inteqrasiya olunub və ödənilməyən cəriməsi, MMX radarı olan, həmçinin, axtarışa verilən nəqliyyat vasitələri yeni DYP maşınlarının diqqətindən yayınmır.

Bu sistemin köməyi ilə saxta nömrə ilə idarə edilən bir neçə nəqliyyat vasitəsi də aşkar edilib. Bu avtomobillər nəinki Bakıda, eyni zamanda, rayon yollarında da çoxlu sayda avtomobilin saxlanılmasına kömək edib. Son günlər bütün yeni DYP avtomobillərindəki cihazlardan tam istifadə mümkün olduğu üçün aylarla cərimə ödəməyən sürücülərin aşkarlanması halları da artıb. DYP avtomobillərindəki yeni sistem hətta cəriməni 2 ay ödəməyən nəqliyyat vasitələrini aşkar etməyə də imkan verir.

Bir nömrəni qanunsuz olaraq başqa avtomobilin üzərinə vuran sürücülərin də işi çətinləşib. DYP avtomobilləri belə nəqliyyat vasitələrini dərhal aşkar edir. Odur ki, cərimələri vaxtında ödəmək lazımdır. Həmçinin, qeydiyyatda olduğunuz rayon üzrə Dövlət Yol Polisi Şöbəsinə gedib hər hansı cərimə olması barədə məlumat almağa çalışın. Əks halda, harasa getdiyiniz yerdə avtomobilinizi əlinizdən alıb cərimə meydançasına sala bilərlər.

Qeyd edək ki, ilin əvvəliedə yol polisi əməkdaşları üçün 400 ədəd “BMW”, post-patrul, çevik polis alayı üçün 300 ədəd yeni “Fiat Doblo” markalı avtomobil, saxlanılan şəxslərin daşınması üçün isə “Mercedes” markalı 20 mikroavtobus alınıb. Bir sıra üstünlükləri ilə seçilən bu avtomobillərin hər biri yeni və müasir avadanlıqla təchiz edilib, Elektro-patrol sistemi quraşdırılıb. Sistem post-patrul xidməti avtomobilinin həm dayandığı, həm də hərəkət etdiyi hallarda fəaliyyət göstərir. Sistemin üzərində nömrəoxuma, ümumi müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr mənzili olan “infraqırmızı” işıqlandırma sistemi və GPS modulu quraşdırılıb. Avtomobildə daxili kompüter qurğusu mövcuddur ki, nömrəoxuma prosesi həmin kompüterdə aparılır. Sistem nömrəoxuma kameraları vasitəsilə üzərində quraşdırıldığı patrul avtomobilinin durduğu iki zolağadək sağda, həmçinin iki zolağadək solda hərəkət edən və ya dayanmış nəqliyyat vasitələrinin nömrə nişanlarını və sürətlərini oxumaq imkanına malikdir.

Həmçinin, parklanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. Nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatlar tarix, saat, eləcə də GPS koordinatı da əlavə edilməklə mərkəzi serverdə arxivləşdirilir. Həmçinin, nömrəsi oxunan hər bir nəqliyyat vasitəsinin axtarışda olub-olmaması, cərimə ödənişlərini uzun müddət gecikdirməsi və digər məlumatlar müəyyən edilir. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar da Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə göndərilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1298 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...