Fermerlərin səhlənkarlığı onlara baha başa gəldi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi taxıl biçinindən sonra yanğın baş verən ərazilərin monitorinqini aparıb
Yoxlamalardan sonra nəticələr rayon polis şöbələrinə göndərilib. Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.
Xəbərdə deyilir ki, monitorinqlər zamanı taxıl biçinindən sonra sahələrin təmizlənməsi üçün fermerlər tərəfindən ərazilərin bilərəkdən yandırılması nəticəsində Qazax rayonunun Xanlıqlar kəndi ərazisində 90 hektar, Şamaxı rayonu Qurdtəpə kəndi ərazisində 9 hektar, Ağsu rayonu Nüydü kəndi ərazisində 8 hektar, Cəlilabadda 2 hektar, Göyçay rayonu, Kürdşaban kəndi ərazisində 1 hektar sahədə üst bitki örtüyü tamamilə yanıb.
Bundan başqa, Goranboy rayonu Nərimanlı kəndi ərazisində 5 hektar sahədə biçilmiş taxıl sahəsi yandırıldıqdan sonra alovun Goranboy-Qızılhacılı avtomobil yolunun mühafizə zolağına keçməsi nəticəsində ikiillik 40 ədəd şam ağacı yanaraq məhv olub, 5 ədəd müxtəlif cinsli ağac isə zədələnib. Həmçinin Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində də 30 hektar biçilmiş taxıl sahəsində baş verən yanğın sonradan avtomobil yolunun kənarına keçib və nəticədə müxtəlif cinsli 5 ədəd ağac zədələnib. Qazax rayonunun Məşədilər kəndi ərazisində 700, İsmayıllı rayonu Diyarlı kəndi ərazisində 76 və Goranboy rayonu Gürzalılır kəndi ərazisində 1150 ədəd kol yanıb. Faktlarla bağlı təqsirkarların tapılaraq barələrində qanunamüvafiq tədbir görülməsi üçün rayon polis Şöbələrinə məktub göndərilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bəzi biçənək sahələrində yanğın törədən və ətraf mühitə ziyan vuran təqsirkarların şəxsiyyəti müəyyənləşdirilib. Belə ki, Zərdab rayonu Əlvənd kənd sakini Vəkalət Zülfüqarov tərəfindən ona məxsus pay torpağında biçənəyin yandırılması nəticəsində ərazidəki müxtəlif cinsli 70 ədəd ağacın və 679 ədəd kolun, Zərdab rayonu Körpükənd sakini Sonqulu Qurbanova məxsus pay torpağında biçilmiş sahənin yandırılması nəticəsində isə 39 ədəd kolun yanaraq məhv edildiyi aşkar edilib.
Təbiətə 679 manat ziyan dəydiyi hesablanılaraq V.Zülfüqarov barəsində qanunvericiliyə uyğun qaydada tədbir görülməsi üçün Zərdab Rayon Prokurorluğuna müraciət edilib və bununla bağlı cinayət işinə başlanılıb. Eyni zamanda Goranboy rayonu Urusborisi kəndində biçənək sahəsində yanğın törədilməsi nəticəsində 10 ədəd ağacın zədələnməsi, 20 ədəd kolunun məhvində təqsirli bilinən kənd kolxoz təsərrüfatının rəhbəri Mariya İvannikovaya protokol tərtib edilib. İnzibati Xətalar Məcəlləsinin 92.2-ci maddəsinə əsasən onun vəzifəli şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliyə müvafiq qaydada tədbirlər görülür.
Qeyd edək ki, meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, baş verən yanğın hadisələrinin əksəriyyəti taxıl biçinindən sonra biçənəklərə od vuran fermerlərin etinasızlığından irəli gəlir. Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv ola bilər, ölkənin meşə fondu ani vaxt içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşər. Bir sıra hallarda biçənəklərə od vurulması nəticəsində yanğın meşə sahələrinə keçib lakin fədakar insanlar sayəsində yüzlərlə ağacın xilas edilməsi mümkün olub, amma belə olmaya da bilər. Əgər alov daha keçilməz yüksək dağlıq sahələri əhatə etsə, meşələrimiz qarşısı alınmaz fəsadlarla üzləşər.
1166 dəfə oxundu