Bu dəqiqələrdə Zığda etiraz aksiyası keçirilir
Bu dəqiqələrdə bir qrup Zığ sakini etiraz aksiyası keçirir. Onlar sürüşmə zonasındakı evlərinin taleyi ilə bağlı açıqlama tələb edirlər.
Bu barədə virtualaz.org saytına qəsəbə sakinləri məlumat veriblər. Aksiya iştirakçıları bildirdilər ki, sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən 55 evin sakinləri bu gün köçürülür: “Bizə kirayə evlər təklif olunur. Lakin neçə ay kirayədə qalacağımızı, evimizin əvəzində kompensasiya, yoxsa ev veriləcəyini açıqlamırlar. Uşaqlar dərsə harada davam edəcəklər? Bunları bilmək istəyirik”.
Qəzalı evdə yaşayan Vidadi Həsənov isə deyib ki, bu gün narazı sakinlərdən ibarət 30 nəfər Prezident Administrasiyasına gedib: “Orada isə bizə dedilər ki, Nazirlər Kabinetinə - Abid Şərifovun yanına gedin, problemi Abid müəllim həll edəcək”.
Sakinlərin sözlərinə görə, artıq 55 evin qaz və işıq sayğaclarını sökməyə başlayıblar. Köçürülmə tamamlanmasa da işığı, qazı kəsirlər. Sakinlər Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələrini Zığa çağırıblar: “Neçə ildir gözləyirik. Artıq bu problem həll olunsun”.
Hazırda aksiya davam edir. Əlavə məlumat veriləcək. Qeyd edək ki, sürüşmə nəticəsində 500-dək ev zərər çəkib. Qəzalı vəziyyətdə olan 10 ev köçürülüb. Bu gün isə 55 ailə köçürülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də sürüşmənin aktivləşdiyini aşıqlamışdı.
1323 dəfə oxundu