Ölənlərin adına pensiya yazılıb - ƏƏSMN-də pozuntular aşkarlanıb

Ölənlərin adına pensiya yazılıb -
2021-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən ümumilikdə 144 nəzarət obyektində aparılmış tədbirlər nəticəsində 103,6 mln manat məbləğində artıq və əsassız ödənişlərə yol verilməsi aşkar edilib.

Bu barədə Gundeminfo.az-a Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən məlumat verilib.


Bildirilib ki, nəzarət tədbirlərindən 59-u Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən, 77-si Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin qərar və məktublarına, 8-i isə vətəndaş müraciətləri üzrə mərkəzi icra hakimiyyəti orqanlarında, onların tabeli qurumlarında, dövlətə məxsus hüquqi şəxslərdə və bələdiyyə orqanlarında aparılıb.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatında və onun tabeliyində olan 28 qurumda əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, müharibə veteranlarının və şəhid ailələrinin sanator-kurort müəssisələrinə göndərilməsi üçün köçürülmüş vəsaitin bir hissəsinin həmin müəssisələrin rəhbərləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq rəhbər işçilərinə qaytarılması, sosial obyektlərin və imtiyazlı şəxslərə fərdi yaşayış evlərinin tikintisində işlərin həcmlərinin artırılması yolu ilə podratçı təşkilatlara artıq vəsaitin ödənilməsi, Nazirliyin müvafiq qurumları tərəfindən tətbiq edilən böyük məbləğdə inzibati cərimələrin ödənilməsinin təmin edilməməsi, struktur bölmələr tərəfindən təyin olunmuş pensiya, sosial təminat və təqaüd işləri üzrə pensiya, təqaüd və müavinətlərin artıq hesablanması və ödənilməsi halları aşkar olunub.

Həmçinin, pensiya, müavinət və təqaüd alan şəxslərin vəfat etdiyi halda onların adlarına ödənişlərin uzun müddət davam etdirilməsi, xeyli sayda şəxsə eyni dövr üçün həm əlilliyə, həm də ailə başçısını itirməsinə görə müavinət və əmək pensiyalarının ödənilməsi, pensiya təyinatı aparılarkən iş stajının bilərəkdən artıq göstərilməsi, işsizlik müavinətlərinin hesablanması qaydalarının pozulması və müavinət təyin olunmuş həmin şəxslərin bundan xəbərsiz olmaları, çoxlu sayda vətəndaşa işsizlik müavinətinin verilməsi kimi nöqsanlar aşkar olunmaqla xeyli məbləğdə vəsaitin təyinatından yayındırıldığı müəyyən edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
613 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...