MTN-nin təcridxanası kimə veriləcək?
Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verən son hadisələrdən hələ xeyli əvvəl bu qurumun istintaq təcridxanasından təyinatından kənar məqsədlər üçün istifadə olunduğu barədə məlumatlar gəlirdi. Təcridxanadan daha çox işgəncə məqsədilə istifadə olunduğu, sahibkarların orada incidildiyi də zamanla üzə çıxmağa başladı.
Artıq dövlət başçısının 14 dekabrda imzaladığı fərmanla MTN ləğv edilib və onun bazasında iki struktur – Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Xarici Kəşfiyyat Xidməti yaradılıb. Lakin MTN-in təcridxanasının bu qurumlardan hansının tabeliyinə verilməsi hələlik məlum deyil.
“GUNDEMINFO” xəbər verir ki, hüquqşünas Əyyub Kərimov azadliq.info-ya açıqlamasında bildirib ki, sözügedən təcridxana Mədət Quliyevin rəhbərlik etdiyi Dövlət Təhlükəsizliyi Xidmətinin tabeliyinə verilməlidir. Hüquqşünas elə bu cür olacağını da ehtimal edir: “Təhlükəsizlik xidmətinin təcridxanası yəqin ki, olmalıdır. Xarici Kəşfiyyat Xidmətinin təcridxanasının olmasını mən hələlik eşitməmişəm. Əsas məsələlərdən biri də hər iki qurumun bir binada yerləşməsidir. Bir çox dövlətlərdə əks kəşfiyyat ayrıca binada yerləşir. MTN-nin mövcud təcridxanası isə düşünürəm ki, qalacaq və Mədət Quliyevin tabeliyinə veriləcək”.
1033 dəfə oxundu