Avropa Oyunları bədxah qüvvələri aktiv fəaliyyətə keçməyə vadar edib Fuad Muradov

Avropa Oyunları bədxah qüvvələri aktiv fəaliyyətə keçməyə vadar edib

"Birinci Avropa Oyunları kimi mötəbər bir yarışın Azərbaycanda keçirilməsi və buna yüksək səviyyədə hazırlıq işləri adıçəkilən bədxah qüvvələri daha aktiv fəaliyyətə keçməyə vadar edib. Onlar Azərbaycana qarşı təbliğat kampaniyasını reallaşdırırlar. Bu məsələdə erməni lobbisinin fəaliyyətini unutmaq olmaz".

Trend xəbər verir ki, bunu mətbuata açıqlamasında iyunun 10-da Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçiriləcəyinə münasibət bildirərkən millət vəkili Fuad Muradov deyib.

F.Muradov bildirib ki, ermənilər və onların havadarları çox gözəl anlayırlar ki, Azərbaycanın bu gün Avropa Oyunları adı altında yüksək səviyyədə keçirdiyi tədbir sonda ölkənin növbəti uğurlarına imza atmasına şərait yaratmaqla yanaşı, dünyadakı nüfuzunu da artıracaq: “Bu yarış Azərbaycanın dünyada nəyə qadir olduğunu göstərəcək və ölkədə həyata keçirilən işlər dünyaya təqdim olunacaq. Azərbaycanın mədəniyyəti, tolerantlığı, idmana və gənclərə olan dəstək nümayiş olunacaq. Bu da istənilən halda Azərbaycanın dünyadakı mövqeyini daha da gücləndirəcək. Bunu gözü götürməyən qüvvələr, xüsusən də ermənilər ölkənin müstəqilliyinin zəiflədilməsi istiqamətində kampaniyaya başlayıblar və təəssüflər olsun ki, bir çoxları da bunu bilməyərəkdən, məsələnin əsl mahiyyətini dərk etmədən bu proseslərə qoşulurlar. Ancaq onu deyim ki, bunlar bir nəticə verməyəcək”.


Millət vəkilinin fikrincə, bu qüvvələr başa düşmürlər ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasət dövlətin və xalqın maraqlarına söykənən siyasətdir və bu cür tədbirlərlə, o cümlədən Avropa Parlamentinin təşkil edəcəyi toplantı ilə nəyəsə nail olmaq mənasızdır: “Çünki Azərbaycan Avropa Olimpiya Komitəsinin gənclərin sağlam həyat tərzi sürməsi ilə bağlı irəli sürdüyü təşəbbüsə dəstək verərək belə bir idman yarışı keçirir. Lakin Avropa Parlamenti özü Avropa Olimpiya Komitəsinin dəstəyinin əleyhinə çıxaraq belə bir mötəbər yarışın keçirilməsinə kölgə salır. Oyunlara iki gün qalmış Azərbaycanla bağlı dinləmə keçirir və adını da qoyur “idman və insan haqları”. Bu, məntiqə sığmayan hərəkətdir. Əgər Avropa Parlamenti Azərbaycanla bağlı hansısa məsələni müzakirə etmək istəyirdisə, onunla bağlı əvvəlcədən dialoqa başlamalı idi. Amma onların nəyisə düzəltmək, müzakirə etmək niyyətləri yoxdur. Məqsədləri ancaq Azərbaycana təzyiq edib niyyətlərinə nail olmaqdır. Bu, Azərbaycana qarşı xüsusi olaraq hazırlanmış kampaniyanın tərkib hissəsidir. Azərbaycan parlamentariləri bu dinləmədə iştirak etməyəcəklər. Ancaq buna mütləq şəkildə adekvat cavab veriləcək və cəmiyyət bunun şahidi olacaq”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1205 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...