“Arif Məmmədovu istifadə edib, atacaqlar” – Deputat

“Arif Məmmədovu istifadə edib, atacaqlar” –

“Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı və İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı nümayəndəsi Arif Məmmədov diplomatik çərçivələrdən çıxıb”. Bu fikirləri AzVison.az-a Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

Millət vəkili qeyd edib ki, istənilən diplomat təmsil etdiyi dövlətin və ya təşkilatın mənafeyini müdafiə etməklə məşğul olmalıdır: “Arif Məmmədov daxili siyasət məsələlərinə mövqe bildirmək istəyirdisə, tutduğu vəzifədən istefa verərək, sivil şəkildə siyasi proseslərdə iştirak edərdi. Onun son bəyanatları çox təəssüf ki, diplomat olduğunu unutduğunu göstərir. Həmçinin, Arif Məmmədov Azərbaycanın onun formalaşması, tanınması, nüfuz qazanması üçün çəkdiyi əziyyəti yerə vurur. Məhz Azərbaycana söykənərək, dövlətimizi təmsil edərək Arif Məmmədov belə yüksək posta gəlib çatıb. Azərbaycanın nüfuzuna görə, İslam Əməkdaşlıq Təşkilatı onu Avropa İttifaqındakı səfiri təyin edib. İslam dünyasında onu tanıyan vardı? Məhz Azərbaycanın təklifindən sonra onun namizədliyi müzakirə edildi və bu posta təyin edildi”.

A.Mirzəzadə vurğulayıb ki, Arif Məmmədov qazandığı bütün uğurlara görə, Azərbaycan dövlətinə və indiki iqtidara minnətdar olmalıdır: “Təəssüf ki, o son bəyanatları ilə unutqan olduğunu və Azərbaycan dövlətçiliyinə qarşı müxalifətə keçdiyini bəyan etdi. Verdiyi bəyanatlar bu günkü Azərbaycan reallıqlarına ziddir, qarşıdurmağa çağıran çağırışlardır. Heç bir halda Azərbaycan diplomatına yaraşmayan hərəkətlərdir”.

YAP-çı deputatın fikrincə, Arif Məmmədov ciddi təsir altına düşüb.

“Bu isə ona heç də başucalığı gətirmir. Təəssüf ki, belə hadisələr baş verir. Ancaq, tarix belələrini çox görüb. Hesab edirəm ki, Arif Məmmədov kimilərinin Azərbaycan qarşı çağırışları özlərini hörmətdən salmaqdan, xalqın gözündən düşməkdən başqa heç bir nəticəyə gətirib çıxarmayacaq”. A. Mirəzadə deyib ki, əgər o xaricdə sığınacaq almaq istəyirdisə, müraciət edərək Azərbaycan vətəndaşlığından və diplomatik səlahiyyətlərindən imtina edərək xaricdə qala bilərdi: “Ancaq, bu yolla nələrəsə nail olmaq heç də ağıllı yol deyil. Azərbaycanın çörəyi ilə böyüyən, Azərbaycan dövlətinin dəstəyi ilə yüksək postlar qazanan şəxs Azərbaycana qarşı dönüklük etməməli idi. O, gənc, təcrübəsiz deyildi ki, səhv edərdi. Hesab edirəm ki, Arif Məmmədovun addımları düşünülmüşdür. Azərbaycanın gördüyü işlərə qara yaxmaq, Azərbaycana qarşı azğın mübarizə aparan erməni diaspor dairələri ilə eyni müstəvidə durmaq heç də Azərbaycan vətəndaşına yaraşan iş deyildi”.

A.Mirəzadə vurğulayıb ki, heç kim Azərbaycanı getdiyi demokratiya, insan hüquqlarının qorunması, firavanlıq yolundan döndərə bilməz: “Xaricdə müəyyən mərkəzlərin Arif Məmmədov kimilərdən Azərbaycan qarşı istifadə etməsi heç bir halda dövlətimizi zəiflədə bilməz. Müəyyən müddətdən sonra Arif Məmmədovu danışdıran mərkəzlər həmişə olduğu kimi onu istifadə etdikdən sonra kənara atacaqlar. O zaman Arif Məmmədovun Azərbaycan xalqının gözünə necə baxacağı tamam başqa məsələdir”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1058 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...