Nəsimi sakinləri “Yeni Ailə” MTK rəhbərliyindən şikayətçidir – MÜRACİƏT

Nəsimi sakinləri “Yeni Ailə” MTK rəhbərliyindən şikayətçidir –
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən binaların sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, “Yeni Ailə” MTK onları aldadır:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli qərarına əsasən, Nəsimi Rayon İcra Hakimiyyəti ilə “Yeni Ailə” MTK (tikinti şirkəti) arasında 23 oktyabr 2017-ci il tarixdə müvafiq müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, tikinti şirkəti Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən binaların pilot layihə çərcivəsində sökülməsini və həmin sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirməyi öz üzərinə götürmüşdür.

Azadlıq prospekti, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən binaların sökülməsinə 2018-ci ildə başlanılıb. 2020-ci ildə isə Şamil Əzizbəyov küçəsi, ev 158 ünvanında yerləşən kooperativ binanın sökülməsinə başlanılıb. Binada yaşayan bütün ailələr mənzillərini təhvil verib və kirayə köçürülüb.

Müqavilə şərtlərinə əsasən, bu ailələr, o cümlədən biz, iki il ərzində mənzillə təmin edilib, yaşamaq üçün köçməliydik. Lakin necə il keçməsinə baxmayaraq, yeni inşa edilən binadakı tikinti işləri tamamlanmamışdır. Kirayə haqlarımız belə, aylarla gecikdirilir. Hələ də kirayə pulları 11 ay verilməyən ailələr vardır.

Nəsimi Rayon İcra Hakimiyyəti dəfələrlə kollektiv müraciətimizdən sonra bizi və “YENİ AİLƏ” MTK-nın rəhbərliyini dəvət edərək, görüş təşkil edib. İcra başçısının müavini cənab Ramiz Quliyev görüşdən sonra bizə tikintinin gedişatı ilə bağlı MTK tərəfindən cədvəl tərtib olunaraq təqdim olunacağını və həmin iş qrafikinə İcra Hakimiyyəti tərəfindən nəzarət ediləcəyini bildirib. Bir ay keçməsinə baxmayaraq, təəssüf ki, nə İcra Hakimiyyəti, nə də “YENİ AİLƏ” MTK-nın rəhbərliyi tərəfindən heç bir hərəkət olunmayıb. İcra başçısı bizi qəbul etmir, Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevin qəbuluna yazılmağımıza baxmayaraq, qəbula düşə bilmirik.

Söküntüdən qabaq bizimlə “Rasim müəllim” deyilən şəxs razılaşıb, müqaviləyə isə “Yeni Ailə” MTK rəhbəri kimi Hacıyev Ziya imza atıb. Həmin ağsaqqal - Rasim müəllim bizə binanın başa çatması üçün vəsaitin olmadığını və “binanı vəsait olanda başa çatdıracağam” söyləsə də, 2022-ci ildə yeni “Qarant inşaat” MTK adı ilə Nəsimi rayonu, 20 yanvar və Cavadxan küçəsinin kəsişməsində çoxmərtəbəli bina tikintisinə başlayıb. Nəsimi Rayon İcra Hakimiyyəti başçısı isə bizim binanı yarımçıq qoyan həmin Rasim müəllimə öz rayonunda yeni binalar tikmək üçün ərazi ayırıb. Əziyyət çəkən isə 100-ə yaxın ailədir.

Odur ki, tamamlama işlərinin surətləndirilməsi, ödənilməmiş kirayə haqlarımızın verilməsi və qısa zamanda mənzillərimizə köçməyimizlə bağlı tədbirlər görülməsi üçün problemimizi işiqlandırmağınızı sizdən xahiş edirik”.

Məsələ ilə bağlı “Yeni Ailə” MTK ilə əlaqə saxlamağa çalısşaq da, bu, mümkün olmadı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
298 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...