İcra başçısının sədrliyi ilə İH başçısı aparatında şura iclası keçirilib
İclasda şura üzvləri ilə yanaşı idarə, müəssisə, təşkilat rəhbərləri və inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.
Gundeminfo.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Şura iclasını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq iştirakçıları gündəlikdə duran məsələlər ilə tanış edib, bildirib ki, gündəlikdə 2 məsələ durur: 1. Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2025-ci il üçün İş Planının və rayon İcra hakimiyyəti başçısı aparatının Tədbirlər Planının təsdiqi haqqında. 2. 2024-cü ildə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında və yerlərdə vətəndaşların qəbulu, onların təklif, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti haqqında.
Sonra rayon rəhbəri çıxış edərək Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında 2024-cü ildə vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili, qaldırılan problemlərin həll olunması və vaxtında cavab verilməsinin daim nəzarətdə saxlanıldığını bildirib.
Qeyd edib ki, rayon icra hakimiyyətinə daxil olan bütün vətəndaş müraciətləri elektron informasiya sisteminə işlənib, müvafiq olaraq aidiyyəti üzrə icraçılara verilib, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icrasına nəzarət olunubdur. Şura yığıncaqlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri 2 dəfə müzakirə olunub, aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verilibdir.
İcra başçısı bildirib ki, hər bir dövlət məmuru öz işini planlaşdırarkən vətəndaşların müraciətlərinə baxılması və onun icrası məsələsinə geniş yer ayırmalı və qaldırılan məsələlərin maksimum həllinə çalışmalıdır.
Vurğulayıb ki, rayon icra hakimiyyəti başçısının 09 dekabr 2024-cü il tarixli, 191 nömrəli əmri ilə 2025-ci ildə rayon icra hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu haqqında cədvəl təsdiq edilərək “Yeni Tərtər” qəzetində vətəndaşların məlumatlandırılması üçün dərc edilmişdir. Həftənin beş günü rayon icra hakimiyyətinin başçısı, başçının birinci müavini, başçının müavinləri və şöbə müdirləri vətəndaşları qəbul edəcəklər.
Tərtər RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Kənan Mehdiyev çıxış edərək bildirmişdir ki, 2024-cü ildə rayon icra hakimiyyəti başçısı aparatına 794 müraciət daxil olmuşdur ki, bu müraciətlərin 358-i eyni vətəndaşlardandır. Belə ki, həmin vətəndaşların bir çoxu eyni məzmunlu ərizə ilə eyni vaxtda müxtəlif dövlət orqanlarına müraciət etmişlər.
Daxil olmuş 794 müraciətin 585-i məktub, 167-si elektron məktub, 42-si isə teleqram olmuşdur. Müraciətlərdən 8-i nəzarətə götürülmüşdür.
Bu müraciətlərin 143-ü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 110-u Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyindən, 45-i Nazirlər Kabinetindən, 5-i Milli Məclisdən, 68-i Respublikanın digər təşkilatlarından, 423-ü isə vətəndaşlardan bilavasitə icra hakimiyyətinə ünvanlanan müraciətlər olmuşdur.
Rayon icra hakimiyyəti başçısı aparatında 2561 nəfər vətəndaş qəbul olunmuşdur. Onlardan 979 nəfəri icra hakimiyyəti başçısı tərəfindən, 1582 nəfəri isə başçının müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilmişdir.
Rayon icra hakimiyyəti başçısının 2024-cü ildə yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər praktikası davam etdirilmiş, il ərzində 48 yaşayış məntəqəsində icra hakimiyyəti başçısının səyyar qəbul-görüşləri keçirilmişdir. Bu görüşlərdə 3553 vətəndaş iştirak etmiş, 157 nəfər vətəndaşın 174 məsələ ilə bağlı müraciətinə baxılmışdır. Qaldırılan məsələlərin 69-u həll edilmiş, 32-si ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanmış, 73-nə müvafiq izahatlar verilmişdir.
2024-cü ildə daxil olmuş müraciətlərin 2023-cü illə müqayisəli təhlili zamanı müəyyən olmuşdur ki, 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olan müraciətlər 96 sayda, Milli Məclisdən daxil olan müraciətlər 10 sayda, Nazirlər Kabinetindən daxil olan müraciətlər 58 sayda, vətəndaşlardan bilavasitə daxil olan müraciətlər 25 sayda azalmış, respublikanın digər təşkilatlarından daxil olan müraciətlər isə 1 sayda artmışdır.
Ümumilikdə, 2023-ci illə müqayisədə rayon icra hakimiyyətinə daxil olan müraciətlər 188 sayda azalmışdır.
2023-cü illə müqayisədə 2024-cü ildə həll olunmuş və qismən həll olunmuş müraciətlərin sayı artmışdır. Belə ki, 2023-cü ildə müraciətlərin 14,7 %-i, 2024-cü ildə isə 28,6 %-i həll olunmuşdur.
2024-cü il ərzində rayon icra hakimiyyətinə daxil olan müraciətlər əsasən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial müdafiəsi, işlə təmin olunma, erməni işğalçılarından azad olunmuş ərazilərdə yaşamaq, Vətən müharibəsindən zərər çəkmiş evlərin bərpası və əmlaka dəyən zərərin ödənilməsi, mənzillə təmin olunma, evlərin təmiri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması, evlərin sənədləşdirilməsi, ehtiyatda olan hərbçilərə mənzillə təmin olunana qədər kirayə pullarının ödənilməsi, qəyyumluq və övladlığa götürülmə, pay torpaqlarının sərhədlərinin müəyyən edilməsi, kənd təsərrüfatının və sahibkarlığın inkişafı üçün torpaq sahələrinin ayrılması, qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlər, qəbul məsələləri, kənd təsərrüfatı məsələləri, torpaq məsələləri, şəhərsalma və tikinti məsələləri, subartezian quyularının qazılması, birdəfəlik maddi yardım, sosial yardım və müavinətlərlə bağlı olmuşdur.
Müzakirə edilən məsələlər barədə Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Hüquq şöbəsinin məsləhətçisi Çingiz İsayev şıxış edidlər.
Şura iclasında müvafiq qərar qəbul edilib, Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2025-ci il üçün İş Planı və rayon icra hakimiyyəti başçısı aparatının Tədbirlər Planı təsdiqlənib, rayon İcra Hakimiyyətinin başçısı tərəfindən problemlərin aradan qaldırılması məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
69 dəfə oxundu