Bankların bağlanması prosesi niyə səngidi?

Bankların bağlanması prosesi niyə səngidi?



İl başlanandan bankların sürətlə başlanan bağlanma prosesi səngiyib. Yeddi bankın bir-birinin ardınca bağlanması bank sistemi ilə bağlı ciddi narahatçılıq yaratsa da, az sonra onlardan biri fəaliyyətini davam etdirməyə başladı. Ekspertlər çox sayda bankın tez bir zamanda bağlanacağının anonsunu versə də, artıq prosesin dayandığı hiss olunur. Ekspertlər müxtəlif səbəblər göstərirlər.


Ekspert Samir Əliyev məsələ ilə bağlı musavat.com-a bildirib ki, banklarla bağlı prosesin səngiməsi səbəbsiz deyil: “Doğrudan da bankların sürətli bağlanması prosesi gedirdi. Və bunun da əsas səbəbi əmanətlərin tam sığortalanması haqqında qanunun qəbulu ilə bağlı idi. Yəni o qanun qəbul olunsa, o deməkdir ki, əmanətlər tam sığortalanacaq və belə bir vəziyyətdə Mərkəzi Bank bankları bağlamayacaq.

Sadə səbəbə görə ki, həmin banklardakı bütün əmanətləri dövlət qaytarmalıdır. Bizdə də bu proses sürətlə getdi, altı bank bağlandı. Ötən həftə daha bir neçə bankın bağlanması planlaşdırılırdı. Bunlar tam real idi. Sonradan nəsə bu proses dayandı. Düşünürəm ki, burada bir sıra səbəblər ola bilər.

Birinci səbəb onunla bağlıdır ki, belə sürətli bağlanma prosesləri bazara çox pis təsir göstərir. Əhali əmanətlərini kütləvi şəkildə banklardan çəkir. Bu isə banklar üçün problem yaradır. Bu, birinci səbəbdir. İkinci səbəb onunla bağlıdır ki, bağlanmağa namizəd banklar indiyə kimi bağlanmış banklarla müqayisədə böyük banklardır və onların əmanət bazarı daha böyükdür. Əgər həmin banklar bağlansa, bu, daha çox əmanətçini narazı sala bilər. Ona görə də həmin bankların bağlanması bir müddət təxirə salındı. Üçüncü səbəb isə təbii ki, həmin bankların birləşdirilməsi ola bilər. Yəni bundan sonra banklar birləşməyə üstünlük verəcəklər. Amma hələ ki birləşmə ilə bağlı real nəticə yoxdur. Dördüncü variant odur ki, böyük ehtimalla əmanətin tam sığortalanması haqqında qanunun qəbulu bir qədər uzansın. Ola bilsin, qanun fevral ayında qəbul edilməsin.

Bu proses marta qədər, hətta qeyri-müəyyən müddətə qədər uzana bilər. Bankların bağlanması məsələsi artıq dayanıb. Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyətə başlayacaq. Martdan çox güman ki, tam fəaliyyətə başlayacaq. Ola bilsin, bankların bağlanması prosesi həmin palatanın öhdəsinə buraxılsın. Bunlar versiyalardır. Çox çətin durumda olan banklar var ki, bu gün həmin banklar bağlanmalıdır. Amma burada başqa maraqlar da var. Çünki bankların arxasında güclü adamlar durur və Mərkəzi Bank həmin güclü adamlara bata bilmir. Ona görə həmin bankların lisenziyasını geri ala bilmir”.

Qeyd edək ki, ekspertlər bankların tələsik şəkildə bağlanmasının bank sisteminə inamı sarsıtdığı qənaətindədirlər. Bildirilir ki, insanlar əmanətlərini banklara qoymaqdan çəkinir və ya banklarda olan depozitlərini geri çəkməyə çalışırlar. Ekspertlər əhalinin narahatlığının əsaslı olduğunu vurğulayırlar. Ekspert Əkrəm Həsənovun sözlərinə görə, təhlükə olduqca böyükdür: “Ölkədə 40-dan artıq bank var, onların ən azı 30-u rüblük maliyyə hesabatını açıqlamır. Rüblük maliyyə hesabatının açıqlanması qanunvericiliyin tələbidir. Bu isə yalnız bankın göstəriciləri yaxşı olmadıqda məqsədli şəkildə gizlədilir. Bank bilir ki, vəziyyətini açıqlasa və insanlar bilsə, gəlib pullarını geri çəkəcəklər”. Ekspertin sözlərinə görə, bunun gizlədilməsinin bir səbəbi də odur ki, hazırda banklar var gücü ilə əmanətləri cəlb etməyə çalışırlar: “Milli Məclisdə qəbul olunması gözlənilən əmanətlərin tam sığortalanması haqqında qanun da məhz buna hesablanıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
926 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...