Çin Aydan yanacaq gətirmək istəyir: cəmi 4 tonu dünyaya 1 il bəs edər
Britaniyanın “The Daily Telegraph” qəzeti yazır ki, Çin Aya insan göndərərək orada enerji mədənçilyinin inkişafı yollarını araşdırmaq istəyir.Məqalədə deyilir ki, ötən il Amerikanın Kosmos Qanununun ləğvi kainatda başqa ölkələrin fəaliyyətinə son maneəni aradan qaldırıb.Məhz bu səbəbdən dünyanın bəzi ölkələri, o cümlədən Çin Aydan kainatın ən qiymətli kimyəvi materialını gətirmək barədə düşünür.
Söhbət helium-3 maddəsindən, daha doğrusu onun bir izotopundan gedir. Bu maddə Yer kürəsindəki nüvə stansiyalarını ən təhlükəsiz rejimdə işlədə bilərdi. Çünki helium-3 qeyri-radioaktiv maddədir. Ondan həmçinin ən güclü raket yanacağı kimi də istifadə oluna bilər. Bu maddə Yerdə olduqca nadirdir, çünki onu Günəş küləkləri sovurub aparır. Helium troklotit süxurlarına maqnezium və dəmirin qarışığı şəklində nadir hallarda rast gəlinir, amma bu maddə Ay qabığında böyük həcmlərdə mövcuddur.
Bütün nüvə stansiyaları istilik istehsal edir. Bu istilik suyu buxara çevirir və nəticədə turbinlər hərəkətə gətirilir. Hazırkı nüvə reaktorlarında uranın parçalanması prosesi baş verir. Bu prosesdən enerji hasil olunur, lakin həm də uzun müddətdə saxlanması lazım gələn nüvə tullantısı yaranır. 40 ildir ki, dünya alimləri bu nüvə zibilindən necə xilas olmaq barədə düşünürlər.
Lakin Ay səthinin altında, bir neçə metr dərinlikdə bir milyon tona yaxın helium 3 var. Onu çıxarmaq üçün Ay tozu 600 dərəcəyədək qızdırılmalı və bundan sonra kosmik gəmiyə yüklənərək Yerə gətirilməlidir. Bu baş verərsə, Yer planetində əsl yeni termonüvə enerjisi erası başlana bilər.
Ən maraqlısı isə budur ki, bircə kosmik yük gəmisinin gətirəcəyi helium-3 planetin dörddə birinin enerjiyə bir illik ehtiyacını təmin edə bilərdi. Bu isə o deməkdir ki, Aydan Yerə helium-3 daşıyıb gətirmək iqtisadi və kommersiya baxımından tamamilə sərfəlidir. İlkin hesablamalara görə 1 ton helium-3-ün qiyməti 1 milyard dollar ola bilər.
Çinin Ay tədqiqatları kosmik proqramı məhz bu məqsədə səmtləndirilib. Çin 2013-cü ildə Aya robot endirə bilib. Növbəti mərhələ Aya, oradan süxurları gətirə biləcək robot gəmisinin göndərilməsidir.
1003 dəfə oxundu