LƏNKƏRANDA “BİZİM GÜCÜMÜZ BİRLİYİMİZDƏDİR” TOPLANTISI FOTOLAR
Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilmişdir. Tolerantlığın təcəssümü kimi səciyyələnən multikulturalizm demokratik nəzəriyyə olaraq ölkəmizdə uzun illərdən bəri ayrı-ayrı xalqların nümayəndələri arasında sülh, dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq zəminində təşəkkül tapmışdır.
Bu istiqamətdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq digər millətlər, milli azlıqlar və etnik qruplardan olan ailələrin tarixi ənənələrinin və milli dəyərlərinin qorunub saxlanılması ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir.
Bununla əlaqədar martın 2-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə “Bizim gücümüz birliyimizdədir” adlı konfrans keçirmişdir. Konfransda rayonun təhsil işçiləri, dini icma üzvlərinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, Lənkəran şəhər ictimaiyyəti, ziyalılar, habelə Lənkəran şəhərindən təmsil olunan ailələrlə yanaşı, Masallı, Yardımlı, Lerik, Astara və Cəlilabad rayonlarında yaşayan milli azlıqların, etnik qrupların və digər millətlərin nümayəndələri, KİV təmsilçiləri və s. iştirak etmişlər.
Əvvəlcə qonaqlar və konfrans iştirakçıları Heydər Əliyev Xatirə parkına gələrək Ulu Öndərin abidəsi önünə təzə-tər gül dəstələri qoymuşlar.
Konfransı giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq bildirmişdir ki, Azərbaycan bütün dünyada çoxmillətli və tolerant ölkə kimi yaxşı tanınır. Ölkəmizdə etnik qruplar, azsaylı xalqlar azərbaycançılıq məfkürəsi ətrafında sıx birləşərək qarşılıqlı anlaşma, dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayır, fəaliyyət göstərir və bir-birlərinin dini etiqadlarına böyük hörmət və sayğı göstərirlər.
T.Qaraşov çıxışında vurğulamışdır ki, Azərbaycan hazırda regionun ən təhlükəsiz, tolerant və multikulturalizmin hökm sürdüyü ölkəsidir.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli deputatlar Elmira Axundova, Cavanşir Paşazadə, Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri, BMT-nin ölkəmizdəki nümayəndəsi, Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə və başqaları çıxış edərək Azərbaycanda bütün azsaylı xalqların və etnik qrupların bərabərhüquqlu vətəndaşlar kimi yaşamasından, onlara möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən daim göstərilən diqqət və qayğıdan söz açmış, o cümlədən Lənkəranda da müxtəlif xalqların nümayəndələrinin təhlükəsiz, qarşılıqlı anlaşma və əminamanlıq şəraitində yaşayaraq fəaliyyət göstərdiklərini – ictimai-siyasi, mədəni, iqtisadi həyatın bütün sahələrində birgə çalışdıqlarını diqqətə çatdırmışlar. Natiqlər qeyd etmişlər ki, Azərbaycanda insanlar bir-birinə münasibətdə kimin hansı millətə və yaxud dinə qulluq etməsinə görə deyil, əsl insan olmasına görə seçilir və hörmət göstərilir.
Tədbir Gənclər Mərkəzində Novruz şirniyyatları ilə bəzədilmiş süfrə arxasında davam etdirilmiş, müxtəlif xalqların dilində mahnılar səsləndirilmiş, rəqslər ifa olunmuş, xalq yaradıcılığı nümunələri nümayiş etdirilmişdir
993 dəfə oxundu