Azərbaycanda uşaqlar üçün yeni peyvəndin tətbiqinə başlanılıb
Azərbaycanda uşaqlar üçün yeni peyvəndin tətbiqinə başlanılıb. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva APA-ya açıqlamasında bildirib ki, fevralın 15-dən etibarən inaktivləşdirilmiş poliomielit vaksini Azərbaycana gətirilib və bütün peyvənd məntəqələrinə paylanılıb.
Onun sözlərinə görə, həmin vaxtdan etibarən ölkədə 6 ayı tamam olan uşaqlara yeni vaksin tətbiq edilir. A.Əliyeva qeyd edib ki, bu vaxta kimi uşaqlar oral (damcı) vasitə ilə poliomielitə qarşı peyvənd edilirdi: “Həmin peyvənd olduğu kimi peyvənd təqvimində qalır. Peyvənd təqviminə uyğun olaraq uşaq damcı vasitəsilə peyvəndi 5 dəfə - doğum evində 4-ci 7-ci gün müddətində, 2, 3, 4 və 18 aylıqda alır. Əlavə olaraq inaktivləşdirilmiş poliomielit əleyhinə vaksin bir dozada inyeksiya vasitəsilə vurulacaq. Bu peyvənd də damcı peyvəndinin imunitetini gücləndirməyə şərait yaradacaq”.
Direktor müavini qeyd edib ki, bu gün bütün dünya poliomielit xəstəliyinin qlobal ləğvinə doğru gedir: “Hardasa 2019-2020-ci ilə kimi oral (damcı) poliomielit vaksini yığışdırılacaq. Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da 6 aylıq uşaqlara 1 dozada inaktivləşdirilmiş poliomielit vaksini tətbiq edilir. Oral poliomielit vaksini yığışdırıldıqdan sonra bütün dünyada inaktivləşdirilmiş poliomielit vaksini istifadə ediləcək. İnaktivləşdirilmiş poliomielit vaksini uşaqlar yalnız 1 dəfə - 6 aylığında vurulacaq”.
1011 dəfə oxundu