Bakı metroplitenində apteklər şəbəkəsi də açılır - FOTOLAR
Tağı Əhmədovun Bakı Metropoliteni rəhbərliyindən uzaqlaşdırılmasından sonra əvəlcə metrostansiyaların keçidlərindəki ticarət köşkləri, daha sonra isə reklam lövhələri ləğv edildi. Avropa Oyunları ərəfəsində baş verən bu prosesin izahı yeni rəhbəri Zaur Hüseynovun təyin edildiyi “Bakı Metroploteni” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən belə verildi ki, metro ticarət üçün yox, sərnişinlərin istifadəsi üçündür. Lakin müəyyən zaman keçdikdən sonra mertodakı əvvəlki vəziyyət yavaş-yavaş geri qayıtmağa başladı. Sadəcə olaraq, əvvəlkindən daha müasir və səliqəli şəkildə.
İlk olaraq metrostansiyaların platformalarında və keçidlərində reklam lövhələrinin bərpasına başlanıldı. İndi bütün metrostansiyaların müxtəlif yerlərində reklam lövhələrini görmək mümkündür. Bunun ardınca Bakı Metropolitenində ticarət köşkləri yaradılmağa başlandı. Əvvəlcə bir-iki metrostansiyanın keçidində ticarət köşkü var idisə son zamanlar əksər stansiyaların keçidlərində ticarət köşkləri görmək mümkündür.
Bu ticarət köşkləri şəbəkə şəklində fəaliyyət göstərir. Yeni quraşdırılan ticarət köşklərində əvvəlcə yalnız gül, kitab satılacağı və bəzilərinin isə aptek kimi fəaliyyət göstərəcəyi deyilirdi. Yeni ticarət köşklərinin bir hissəsi “Lalələr” gül mağazaları kimi açılmağa başladı. Bu köşklərdə gül satılacağı deyilsə də sonradan mağazalarda oyuncaqlar, suvinirlər, elektrik malları, bijuteriyalar və bir çox növ malın satışına başlanıldı.
Yerdə qalan digər mağazalar isə uzun müddət istifadə olunmadı. Həmin köşklərin aptek kimi fəaliyyət göstərəcəyi də əvvəlcədən bildirilən məlumatlar sırasında idi.
Musavat.com xəbər verir ki, artıq həmin köşklərin aptek kimi istifadəyə verilməsinə başlanılıb. Bu köşklər də şəbəkə şəklində, eyni şəxs və ya şəxslərin istifadəsinə verilib. Başqa sahibkarların bu mağazalardan istifadəsinə icazə verilmədi.
Artıq köşklərin “Zeytun” apteklər şəbəkəsi kimi fəaliyyətə başlaması üçün işlər görülür. İlk olaraq “Nəriman Nərimanov” metrostansiyasının keçidində aptekin açılışı üçün bütün işlər yekunlaşıb. Yaxın zamanlarda digər stansiyaların keçidlərindəki boş mağazaların da “Zeytun” apteklər şəbəkəsinin filialları kimi fəaliyyət göstərəcəyi gözlənilir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev musavat.com-a açıqlamasında bildirdi ki, digər metrostansiyaların keçidlərində də apteklərin açılması gözlənilir: “İlk olaraq “Nəriman Nərimanov” metrostansiyasının keçidinə aptek açılıb. “Gənclik”, “Koroğlu”, “İnşaatçılar” metrostansiyalarının keçidlərində də apteklər açıla bilər. Bu isə sahibkarla metropoliten rəhbərliyi ilə baş tutuacaq danışıqlardan asılı olacaq”.
Əldə etdiyimiz məlumata görə, “Zeytun” aptekləri ölkə bazarında öz yerini möhkəmləndirməyə başlayan şəbəkələrdəndir. Bu şəbəkənin tamamilə bağlanan və rəhbər şəxslərinin həbs edildiyi “Riyad-farm” MMC-nin yoxluğundan və ölkə bazarında son zamanlar rəqabətdə uduzmağa başlayan "Avromed Company" MMC-nin yerini tutmağa çalışdığı bildirilir. Bakı Metropolitenindəki köşklərlə yanaşı şəbəkənin paytaxtın bir çox yerlərində yeni filiallarının açılmasına başlanılıb.
1107 dəfə oxundu