Sabahdan Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayır
Sabahdan 2016/2017-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlayır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (I-IV qruplar üzrə eservices.tqdk.gov.az/erizebak/qrup1_4, V qrup və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə eservices.tqdk.gov.az/erizebak/qrup5_oi) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.
Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin ərizələrinin qəbulu aprelin 1-dən 28-dək, V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına ərizələrin qəbulu mayın 3-dən 17-dək aparılır. I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verib, həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ikinci bir ödəmə kartı almadan I-IV qruplar üzrə ərizə doldurarkən istifadə etdikləri ödəmə kartı vasitəsilə qeydiyyatdan keçirlər. “Abituriyentin elektron ərizəsi” forması doldurduqdan sonra ərizələrinin təsdiqini təmin etməlidirlər. Ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər, ümumi təhsil müəssisələrini 2011/2012-ci, 2012/2013-cü, 2013/2014-cü və 2014/2015-ci tədris illərində bitirən qız abituriyentlər, ilk peşə-ixtisas təhsili müəssisələrini 2012/2013-cü və ondan sonrakı tədris illərində bitirən qız abituriyentlər, 2011/2012-ci və ondan sonrakı tədris illərində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər və I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizələrinin təsdiqini təmin edib V ixtisas qrupu üzrə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə də ərizə verən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər.
Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə verən abituriyentlər aprelin 6-dan 28-dək, V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə verən abituriyentlər isə mayın 3-dən 17-dək ərizələrinin təsdiqini təmin edirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.
Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər yuxarıda göstərilən müddətdə və qaydada elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra I ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə aprelin 15-dən 30-dək, V ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 6-dan 19-dək, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək eservices.tqdk.gov.az/erizebak/qabiliyyet internet səhifəsinə daxil olaraq seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında iştirak edirlər və bu imtahanda topladıqları balları müvafiq müsabiqə şərtlərini ödəyənlər qabiliyyət imtahanlarına buraxılırlar.
1981-1998-ci il təvəllüdlü (1998-ci il iyulun 30-na qədər anadan olmuş) 35 yaşınadək olan çağırışçıların ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermək üçün möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
1080 dəfə oxundu