Cəbhəyə yaxın xəstəxanalara lazımi qədər qan ehtiyatı göndərilib
"Mərkəzi Qan Bankının Bərdə bölməsindən Tərtər Rayon Mərkəzi Xəstəxanasına, Sarıcallı hospitalına, Naftalan hospitalına və Bərdə Rayon Xəstəxanasına kifayət qədər qan ehtiyatı göndərilib. Aprelin 3-də isə Mərkəzi Qan Bankının Şəki bölməsindən də hər cür ehtiyacların qarşılanması üçün cəbhə bölgələrinə yaxın xəstəxanalara lazımi qədər qan ehtiyatı göndərilib".
Bu sözləri Movqe.az-a açıqlamasında Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva söyləyib. P. Hacıyeva deyib ki, döyüş şəraiti üçün tələb olunan qan ehtiyatı lazımınca təmin edilir: " Qeyd edim ki, sosial şəbəkələrdə yaralı əsgərlərimizə təcili qan lazım olduğu barədə yalnış məlumatlar paylaşılıb. Qan verilməsi barədə yayılan elanların heç bir əsası yoxdur. Mərkəzi Qan Bankının qan ehtiyatlarının tükənmə riski olarsa, ölkə ictimaiyyətinə bununla bağlı rəsmi müraciət ünvanlanacaq. Qan vermək üçün cağırış ediləcək".
P. Hacıyeva Movqe.az-a bildirib ki, Bərdə rayonunun sakinləri Mərkəzi Qan Bankının həmin rayonda yerləşən bölməsinə müraciət edərək qan vermək arzusunda olduqlarını bildiriblər :" Aprelin 2-də cəbhə xəttində işğalçı Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində qızğın döyüşlər yaşanıb. Ordumuzun qətiyyətli addımları sayəsində işğalçı ordu ağır itkilər verərək geri çəkilmək məcburiyyətində qalıb. Vətənin sərhədlərini müdafiə edərkən 12 nəfər hərbi qulluqçumuz şəhid olub. Mərkəzi Qan Bankı olaraq vətənin müdafiəsi uğrunda şəhid olan əsgərlərimizin yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allahdan onlara səbr diləyirik".
1113 dəfə oxundu