Mənzillər ucuzlaşmaqda davam edəcək?
Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlər apreldə martla müqayisədə bir az azalıb. Manatla qiymətlərdə 3.59 faiz, dollarla isə 0,52 faiz azalma müşahidə olunur.
GUNDEMINFO.AZ xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, yeni mənzillərin manatla qiyməti orta hesabla 2.24 faiz azalıb (dollarla 1.02 faiz artım). Təkrar mənzil bazarında manatla qiymətlər 1,57 faiz düşüb (dollarla 1,71 faiz artım).
Fevral ayı ilə müqayisədə martda kommersiya obyektləri bazarında manatla qiymətlər 8.55 faiz düşüb, dollarla isə 6.23 faiz enib.
Görəsən, evlərin ucuzlaşması hansı həddədək davam edəcək? Qiymətlərdə dayanma nöqtəsi olacaqmı? Mənzillərin qiymətinin 2000-ci ilin səviyyəsinə düşməsi ehtimalı varmı?
Nüsrət İbrahimov Azadlıq.info-ya açıqlamasında bildirib ki, bu gün ilkin mənzil bazarında qiymətlər dollarla ifadədə 791, təkrar mənzil bazarında isə 1072 dollar təşkil edir. Ekspert Tiflislə Bakını müqayisə edərək paytaxtımızda potensial alıcıların alıcılıq qabiliyyətinin Tiflisdəkiləri üstələdiyini deyir:
“Tiflisdə ilkin mənzil bazarında qiymət 780 dollar, təkrar mənzil bazarında isə 1000 dollardır. Qiymətlərin aşağı düşmə ehtimalı yoxdur. Aylar üzrə 1-2 faiz dəyişməsi ola bilər. Bu, qiymətlərin aşağı həddidir. Lakin qiymətlərin bundan aşağı düşmə ehtimalı çox azdır. Ümumi düşmə 3-5 faiz ola bilər və bu da elə böyük rəqəm deyil. Təkrar mənzil bazarında qiymətlər 1000 dollardan 1100 dollar arasında, ilkin mənzil bazarında isə 750 dollardan 850 dollara qədər oynaya bilər. Yəni bundan o tərəf-bu tərəfə ola bilməz. Yaxın bir ildə qiymətlərin bundan çox düşməsi mümkün deyil”.
829 dəfə oxundu