MSK İqbal Ağazadənin şikayətini əsassız sayıb

MSK İqbal Ağazadənin şikayətini əsassız sayıb


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Ümid Partiyasının sədri İqbal Ağazadənin 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar daxil olmuş müraciətinə baxılıb.

APA-nın məlumatına görə, müraciətdə Ağdaşın Dəhnə Xəlil kəndində icra nümayəndəsi və bələdiyyə sədrinin İ. Ağazadənin imza toplama kampaniyasına mane olduqları iddia edilib. Ağdaş Dairə Seçki Komissiyası (DSK) bununla bağlı müraciəti əsassız sayıb və DSK-nın qərarından narazı qalan İ. Ağazadə MSK-ya müraciət edib. Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Ənvər Ağazadə bildirib ki, Ağdaş DSK-nın qərarının ləğv edilməsi barədə MSK-ya müraciət ediblər. O deyib ki, Dəhnə Xəlil kəndinin icra nümayəndəsi və bələdiyyə sədri onlara öz namizədlərinin olduğunu bildirib, Ağdaşı tərk etmələrini istəyib. Ə. Ağazadə İ. Ağazadəyə imza vermiş şəxslərə təzyiqlərin olduğunu da iddia edib.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, namizədin hər bir seçicidən imza istəmək hüququ var: “Eyni zamanda seçicinin imza vermək, imza verməmək, yaxud imzadan imtina etmək hüququ var. Digər tərəfdən, hər hansı namizədin tərəfdarı olan seçici deyə bilər ki, onun namizədi var. Buna görə şikayət etmək nə dərəcədə əsaslıdır?! Bu, mənasız müraciətdir. Kimsə təhdid, təhqir olunursa, bunun üçün də MSK-ya yox, aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır”.


M. Pənahov deyib ki, imzatoplama kampaniyasını başa çatdıran İ. Ağazadənin namizədliyi qeydə alınıb: “Qərəzli yanaşma olsaydı, heç namizəd də qeydə alınmazdı. Hər hansı məsələ ilə bağlı da DSK qanuna müvafiq qərar çıxarır, kiminsə istəyinə uyğun qərar qəbul etmir”.

Müzakirələr zamanı İ. Ağazadəyə imza vermiş seçicilərdən hər hansının sonradan imzasını geri götürmək üçün Ağdaş DSK-ya müraciət etmədiyi də üzə çıxıb.

Müraciət səsverməyə çıxarılıb və İ. Ağazadənin müraciəti əsassız sayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
832 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...