Elmira Süleymanova əsirlərimizlə bağlı BQXC-yə müraciət etdi
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Denis Durana məktubla müraciət edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məktubda deyilir:
“Bir daha diqqətinizə çatdırmaq istərdim ki, 2014-cü ilin iyul ayında yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Azərbaycan Respublikasının Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə gedərək orada Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Əsgərov Dilqəm Qardaşxan oğlunun və Quliyev Şahbaz Cəlal oğlunun girovluqda olduqları müddətdə işgəncə və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzaya məruz qalmamaları və onlarla 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının tələblərinə uyğun davranışın təmin edilməsində yardımçı olmaq üçün 18 iyul 2014-cü il tarixli, 1/8660-14 saylı məktubla Sizə müraciət etmişəm. Eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti cənab Peter Maurerə məktubla müraciət edərək, azərbaycanlı girovların beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqlarını müdafiə etməyə çağırmışam. Bu məktubda girov götürülmüş şəxslərin Cenevrə konvensiyalarının müdafiəsi altında olduğu və onlara münasibətdə davranışın həmin beynəlxalq sənədlərə uyğun olmasının zəruriliyi vurğulanıb. Bildiyiniz kimi, bu ilin martında Cenevrəyə işgüzar səfərim zamanı BQXK-nın baş iqamətgahında olmuş, bu qurumun vitse-prezidenti xanım Kristina Börli ilə görüşmüş, azərbaycanlı girovların qeyri-legitim məhkəmə tərəfindən əsassız mühakimə olunduğunu və fundamental hüquqlarının kobudcasına pozulduğunu rəsmi nümayəndənin diqqətinə çatdırmışam. Təəssüflə qeyd etmək istərdim ki, bu mühüm məsələyə müvafiq beynəlxalq təşkilatların diqqətinin cəlb edilməsi üçün göstərdiyimiz bütün səylərə baxmayaraq, girovlara qarşı işgəncə və digər zorakı hallar hələ də baş verir.
Qeyd edilənləri nəzərə alaraq, girov götürülmüş azərbaycanlıların - Dilqəm Əsgərov və Şahbaz Quliyevin təşkilatınızın mandatı çərçivəsində mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında, onların beynəlxalq normalar nəzərə alınmaqla işgəncə və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmaması və ümumtanınmış insan hüquqlarının təmin edilməsində yardımçı olmağınızı bir daha Sizdən xahiş edirəm”.
Qeyd edək ki, iyulun 15-də internet portallarında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun qondarma məhkəmə zalına axsayaraq girməsi, işgəncəyə məruz qalmasının aşkar müşahidə olunduğunu əks etdirən görüntü yayılıb.
1202 dəfə oxundu