Rusiyada nə qədər azərbaycanlı yaşayır?
“2015-ci ilin əvvəlindən Rusiyaya 10,6 milyon xarici vətəndaş gəlib. Hazırda Rusiya ərazisində 10 milyon 126 min 939 nəfər əcnəbi yaşayır. Bundan əlavə 1 milyondan çox Ukraynadan gələn qaçqın var”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romadanovski bu gün keçirdiyi mətbuat konfransında bildirib. 2015-ci ilin ilk 6 ayı ərzində miqrantların statistikası barədə məlumat verən FMX rəhbəri qeyd edib ki, Rusiyada miqrantların sayına görə Özbəkistan birinci yerdədir. Onun sözlərinə görə, hazırda Rusiyada 2 milyon 145 min 260 nəfər Özbəkistan vətəndaşı var. İkinci isə Ukraynadır. Belə ki, Rusiyada 1 milyon 601 min 706 nəfər Ukrayna vətəndaşı yaşayır.
K. Romadanovski bu göstəricilərdə Ukraynanın cənub-şərqindən olan qaçqınların nəzərə alınmadığını əlavə edib: “Həmin qaçqınlar bu siyahıya daxil edilməyib. Onların sayı 1 milyon nəfərdən çoxdur”.
Siyahıda üçüncü yerdə 992 min 170 nəfərlə Tacikistan, dördüncü yerdə 709 min 640 nəfərlə Qazaxıstan, beşinci yerdə 552 min 593 nəfərlə Azərbaycan, altıncı yerdə 543 min 836 nəfərlə Moldova, 7-ci yerdə 534 min 851 nəfərlə Ermənistan, 8-ci yerdə isə 521 min 338 nəfərlə Qırğızıstan qərarlaşıb.
3886 dəfə oxundu