Sabah 4 boksçumuz qızıl medal qazana bilər

Avropa Oyunları çərçivəsində qadınların boks yarışlarında yüngül çəkidə (57-60 kq) Azərbaycanı təmsil edən Yana Alekseyevna yarımfinal görüşünə çıxıb. Trend-in məlumatına görə, finala gedən yolda dünyanın ən güclü qadın boksçusu irlandiyalı Keti Teylorla qarşılaşan təmsilçimiz çətin döyüş keçirib. Başabaş keçən görüşdə hakimlər qələbəni Ketiyə veriblər - 1:2.
Beləliklə, boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurub.
X X X
Kişilər arasında yüngül çəki (60 kq) dərəcəsində mübarizə aparan Albert Səlimov isə finala yüksəlməyi bacarıb.
Yarımfinalda irlandiyalı boksçu Sin Makkombla qarşılaşan idmançımız rəqibinə heç bir şans verməyib - 3:0.
Albert finalda fransız Sofian Omi ilə qarşılaşacaq. Görüş sabah saat 18:15-də keçiriləcək.
X X X
Kişilər arasında yarım-orta çəki (69 kq) dərəcəsində Azərbaycanı təmsil edən Pərviz Bağırov yarımfinalda ingiltərəli Coş Kelli ilə qarşılaşıb.
Boksçumuz bütün raundlarda rəqibindən üstün olub - 3:0.
Onun finaldakı rəqibi rusiyalı Aleksandr Besputin olacaq. Döyüş sabah saat 18:45-də baş tutacaq.
X X X
Kişilər arasında orta çəkidə (75 kq) mübarizə aparan Xaybula Musalov da büdrəməyib.
O, finala gedən yolda macarıstanlı boksçu Zoltan Harksa ilə münasibətlərinə aydınlıq gətirib.
Gərgin keçən döyüşdə idmançımız qalib olub - 2:1.
X.Musalov qızıl medal uğrunda irlandiyalı Maykl O'Reilli ilə qarşılaşacaq. Görüş sabah saat 19:15-ə planlaşdırılır.
X X X
Azərbaycanı kişilər arasında ağır çəki (91 kq) dərəcəsində təmsil edən Abdulkadir Abdullayev isə yarımfinalda rusiyalı Sadam Maqomedovla üz-üzə gəlib.
İlk iki raundda daha baxımlı döyüşən boksçumuz sonda finala adlamağı bacara bilib - 3:0.
Beləliklə, sabah Azərbaycanın 4 boksçusu qızıl medal uğrunda sonuncu görüşünə çıxacaq.
345 dəfə oxundu