Salyan körpüsünün metal məhəccərləri kəsilib aparıldı FOTOLAR
Ələt-Astara avtomobil yolunun Kür çayının üzərindən keçən hissəsində yerləşən metal konstruksiyalı körpünün bəzi hissələri kəsilərək aparılıb. Virtualaz.org saytının Şirvan bürosu xəbər verir ki, az qala Salyanın simvoluna çevrilən, xalq arasında əvvəllər “alman körpüsü”, “birinci Kür körpüsü” kimi də tanınan 70 yaşlı bu tikilinin dəmir konstruksiyaları naməlum şəraitdə yoxa çıxıb. Hər şey isə 3 ay əvvəl Nəqliyyat Nazirliyi tərəfindən körpüdə başlayan abadlıq işlərindən sonra başlayıb. Belə ki, aprel ayında nazirliyin göstərişi ilə körpünün metal hissələrini rəngləməyə başlayıblar. Burada intensiv iş aparılıb. Elə görünə bilərdi ki, körpü tezliklə bərpa olunacaq.
Lakin bu işlər tezliklə dayandırılıb. Tələm-tələsik və başdansovdu aparılan boyama işlərindən sonra körpü necə deyərlər, ala-bula görkəmə salınıb, bundan sonra isə boyaqçılar da qəfildən qeybə çəkilib.
Bu günlərdə isə bu “rəngləmə əməliyyatı”nın əsl mahiyyəti üzə çıxıb. Məlum olub ki, məqsəd körpünü rəngləmək, orada hər hansı təmir-bərpa işləri aparmaq yox, başqa olub. Belə ki, həmin körpünün uzunluğu 1200 metrə çatan dəmir məhəccərləri, səkiləri və metaldan olan qoruyucu çəpərləri naməlum şəxslər tərəfindən sökülərək harasa aparılıb. Amma həmin “naməlum şəxslər”in rəngləmə işlərini həyata keçirənlər və ya onlara bağlı şəxslər olması məlumdur. Çünki məhəccər və səkilər orada rəngləmə işləri gedərkən yoxa çıxıb.
Virtualaz.org saytı bu məsələyə aydınlıq gətirmək məqsədilə Nəqliyyat Nazirliyinin Salyandakı əməkdaşları ilə əlaqə saxlasa da onlar suallara cavab verməkdən imtina ediblər.

Xatırladaq ki, 1946-cı ildə istifadəyə verilən, “cənub rayonlarının qapısı”, “Salyanın vizit kartı” da adlandırılan bu körpünün maraqlı tarixçəsi var. Bavariyada (Almaniya) körpü tikintisi üzrə mühəndislik təhsili almış Alfred Riskop adlı gənc alman Böyük Vətən müharibəsi illərində Stalinqrad yaxınlığında əsir düşür. O, hərbi tribunalin qərari ilə 25 il müddətinə azadlıqdan məhrum edilərək SSRİ-də vüsət alan bərpa-tikinti bərpa işlərinə göndərilir.
Tale A.Riskopu Azərbaycana - Salyana gətirib çıxarır. Burada alman mühəndisə yeni körpünü tikib başa çatdırmaq tapşırılır. Tikintisində alman əsirlərinin həm də fəhlə kimi çalışdığı birinci Kür körpüsü 2 ilə yaxın müddətə araya-ərsəyə gətirilib təhvil verilir.
Sonralar - 1980-ci illərdə Naxçıvan, İran və Türkiyə ilə avtomobil yük daşımalarının intensivləşməsi nəticəsində körpü dəfələrlə qəzalı vəziyyətə düşdüyündən onu ehtiyat kimi saxlamaq şərti ilə yeni körpünün tikilməsi qərara alınır. Hazırda istismar olunan həmin körpü 1991-ci ildə istifadəyə verilib. Lakin paralel olaraq keyfiyyətli sovet poladından tikilən köhnə “birinci körpü”dən də istifadə olunub. 2012-ci ildən etibarən isə ondan istifadəyə birdəfəlik qadağa qoyulub, lakin hələ də yararlı olan (Biləsuvar şəhərini su ilə təchiz edən Şirvan-Muğan su kəməri köhnə körpünün üstü ilə çəkilib) bu möhtəşəm qurğunu sökməyə də rəsmən qərar verilməyib. Bəs onda onun dəmir konstruksiyalarını kimlər söküb aparıb? Olmaya keyfiyyətli metal axtarışında olan işbazlar?
Sual açıq qalır. Onun aidiyyəti orqanlar tərəfindən cavablandırılacağı vaxta qədər...
2462 dəfə oxundu