"Mətanət A" xarici şirkətdir - hökumətin tələbləri niyə keçmir bunlara?

"Mətanət A" xarici şirkətdir -


Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında süni qiymət artımı ilə bağlı sərt tapşırıqlar verib. Ölkə başçısı bildirib ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədər bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmağa cəhd edirlər, bu baxımdan istehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Prezident süni qiymət artımının qarşısını almaq üçün aidiyyatı qurumlara və prokurorluq orqanlarına ciddi tapşırıqlar verib. «O məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətcə mümkün deyil, olmamalıdır. Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən natəmiz insanlar, işbazlar sui istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir.

Sadəcə olaraq biz cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları çox ciddi məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun”-deyə ölkə başçısı qeyd edib. Bildirək ki, istehlak bazarında baş verə biləcək süni qiymət artımı, inhisarçılıq və sui-istifadə hallarına qarşı 29 dekabr 2015-ci il tarixdə İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və Dövlət Xidməti ilə birgə təsdiq edilmiş tədbirlər planının icrası ilə əlaqədar Baş İdarə tərəfindən zəruri qabaqlayıcı və inzibati, o cümlədən cinayət təqibi tədbirləri ardıcıl olaraq davam etdirilir. Tədbirlər planının icrası ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları birgə un, çörək, yumurta və sair kimi istehlak məhsullarının, habelə dərman vasitələrinin qiymətlərini süni şəkildə artırılması, mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 6 cinayət işi başlanılıb, 7 nəfər şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Amma bu kimi tədbirlərə baxmayaraq, bəzi şirkətlər süni qiymət artımına gedirlər. Həmin şirkətlərdən biri də sement və gips əsaslı məhsulların istehsalı ilə məşğul olan «Mətanət A» şirkətidir. Gundelik-baku.com saytına daxil olan məlumatlarda bildirilir ki, şirkət bazara çıxardığı bütün məhsulların qiymətini 35-40 faiz qaldırıb. Bu süni qiymət artımı isə bazarda çaşğınlıq yaradıb və tikinti sektoruna öz mənfi təsirini göstərməyə başlayıb: «Ölkə başçısının qəti tapşırıqlarına baxmayaraq, şirkətin sahibi Elxan Bəşirovun göstərişi ilə bütün məhsulların qiyməti artırılıb.

Şirkətdən qiymət artımını məhz bu cür izah edirlər. «Mətanət A» keramika yapışdırıcısı, «Ma white» mozaika yapışdırıcısı, «Qraniyap dry» mərmər-qranit yapışdırıcısı, «Qraniyap dry» white mərmər-qranit yapışdırıcısı, «Hidroyap» sukeçirməz keramika yapışdırıcısı, «Hidroyap» white sukeçirməz keramika yapışdırıcısı, «Ma flex» keramika yapışdırıcısı, «Ma flex» white keramika yapışdırıcısı, «Ekomat» keramika yapışdırıcısı, «Ma kontakt» tez tutan keramika yapışdırıcısı, «Penabet» peno-beton yapışdırıcısı, «Staltop» 500 kvars qumlu, sement əsaslı beton səth sərtləşdiricisinin, «Fugafil" aralıq doldurma qarışığının, «Ma kür» 100 parafin əsaslı, nəm saxlayan beton kür məhsulunun, «Ma oil» 100 istifadəyə hazır qəlib yağının qiyməti təxminən 40 faizə yaxın artırılıb.

Dolların bahalaşmasından sui-istifadə edən şirkət rəhbərliyi qiymətləri süni şəkildə qaldırıb. Bu isə o deməkdir ki, şirkətin sahibi Elxan Bəşirov ölkə rəhbərliyinin tapşırıqlarına əməl etmir və iqtisadi gərginlik yaratmağa cəhd göstərir». Məsələ ilə bağlı münasibət öyrənmək üçün «Mətanət A» şirkətinin (012) 342 99 33 nömrəli əlaqə telefonuna zəng vursaq da, cavab verən tapılmadı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...