Əmlak Komitəsində müdhiş büdcə talanı - RƏQƏMLƏR

Əmlak Komitəsində müdhiş büdcə talanı -


Dövlət əmlakları real dəyərindən iki dəfə ucuza verilir

Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 20-də keçirilməsi nəzərdə tutulan yeni hərrac elan edib. Bizimyol.info xəbər verir ki, bu hərraca ümumilikdə 84 dövlət əmlakı olmaqla 23 səhmdar cəmiyyəti, 26 kiçik dövlət müəssisə və obyekti, 32 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi çıxarılıb.

Məşhur “Çinar” soyuducular zavodu 300 min manata təklif olunur

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Daşkəsən, Lənkəran, Tərtər, Şəmkir, Qobustan, Zaqatala və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında “Çinar” soyuducular zavodunun Şəmkir filialı, Zaqatala Barama Toxumu Zavodu, Maşın Meliorasiya Stansiyası kimi iri dövlət əmlakları var. Məşhur “Çinar” soyuducular zavodu 300 min manata ilkin qiymətlə təklif olunur.

Əmlak Komitəsi Bakıda kvadratı 34 manata torpaq satır

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət əmlakları sırasında ən yüksək ilkin satış qiyməti paytaxtın Nizami rayonundakı Təsərrüfat hesablı Təmir-tikinti sahəsidir. 2 milyon 711 min manata təklif olunan müəssisənin torpaq sahəsi 7 869,1 kv/m.-dir. Paytaxtın Sabunçu rayonunda yerləşən və 22 239,2 kv/m. torpaq sahəsi olan Maşın Meliorasiya Stansiyası isə 750 min manatadır. Bundan əlavə, paytaxtın Suraxanı rayonundakı 42 saylı mağaza 800 min manat, Sumqayıtda yerləşən 22 saylı mağaza 425 min manat, Zaqatala Barama Toxumu Zavodu 509 min 375 manat start qiyməti ilə hərraca çıxarılıb. Təsərrüfat hesablı Təmir-tikinti sahəsinin bir kv/m.-i 344 manat, Maşın Meliorasiya Stansiyasınınkı 33.7 manatdan düşür. real bazar qiymətləri üçün olduqca ucuzdur. Bundan başqa, paytaxtın iki rayonu arasında qiymət fərqi 10 dəfədir.

İri müəssisələr yenə “podiumda”

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 29-u paytaxtda, qalanları isə Astara, Ağcabədi və Oğuzda yerləşir. Ən yüksək ilkin satış qiyməti Astara rayonundakı qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 100 min manat start qiyməti ilə hərraca çıxarılıb. Paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsinə isə 75 min manat start qiyməti təyin olunub.

Bu dəfəki hərracda 23 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal sahələrinə aiddir. Belə iri müəssisələr sırasında “Ağdaş Quşçuluq”, “Bərdə Tikinti Quraşdırma”, “İsmayıllı Sənaye İstehsal”, “Zaqatala Fındıq”, “Şamaxı Dəmir Beton”, “Biləsuvar Broyler” kimi səhmdar cəmiyyətlər var.

Müəssisələrin hamısına topdan 50% “endirim”

Yenə də əmlakların qiymətləri 50%-dək endirilərək satışa çıxarılıb. Belə ki, “Ağdaş Quşçuluq” ASC-nin satışa çıxarılan səhmlərinin nominal dəyəri 203 324 manat təşkil etsə də, ilkin hərrac qiyməti bunun yarısı qədər - 101 662 manat təyin edilib. Müəssisənin nizamnamə kapitalı 677 482 manatdır. Nizamnamə kapitalı cəmi 8274 manat təşkil edən “Bərdə Mexanikləşdirilmiş Dəstə” ASC-nin özəlləşdirilməmiş qalan səhmlərinin nominal dəyəri 3 654.50 manat, hərrac qiyməti isə 1 827.25 manat müəyyənləşib. “Bərdə Tikinti Quraşdırma” ASC-nin nizamnamə kapitalı 184 782 manat, satışa çıxarılan səhmlərinin nominal dəyəri 82 884 manat, satış qiyməti isə yarıbayarı azdır - 41 442 manat. Nizamnamə kapitalı 297 458 manat təşkil edən “Biləsuvar Broyler” ASC-nin 44 733 səhminin hər biri 2 manat nominalı əvəzinə 1 manata satışa çxarılıb. “Boradigah Çay-2” ASC-nin nizamnamə kapitalı 698 795 manatdır. Satışa çıxarılan səhmlərinin nominal dəyəri 210 032 manat, start satış qiyməti isə onun yarısı qədər - 105 016 manat təyin edilib. 410 807 manat nizamnamə kapitalı ilə “Cəlilabad Məişət” ASC cəmi 61 631 manata satışa çıxarılıb. Halbuki, satılmamış səhmlərinin nominal dəyəri 123 262 manatdır.

Nizamnamə kapitalı 1 milyondan çox ASC-lər 100 min civarında satılır

“Goranboy Aqrotexservis”-in də nizamnamə kapitalı 453 877 manat təşkil edir. 68 121 səhminin hər biri 1 manatdan satışdadır. Nominal dəyəri isə bundan iki dəfə çoxdur - 136 242 manat. “Gülşən Ətir” də Komitənin özəlləşdirlməli müəssisələr siyahısında çoxdandır var. Nizamnamə kapitalı 310 442 manat, qiymətli kağızlarının nominal dəyəri 93 133 manat, satış qiyməti isə yenə bundan iki dəfə ucuzdur. Nizamnamə kapitalı 1 milyon manatdan yuxarı olan “Qax Taxıl” ASC-nin yerdə qalan səhmlərinin ilkin satış qiyməti dəyərindən iki dəfə ucuz olmaqla 150 620 manata təklif olunur. “Salyan Broylerin” də nizamnamə kapitalı 1 milyon 120 min manatdır. Səhmlərinin 30%-i cəmi 168 225 manata satışdadır. “Zaqatala Fındıq” ASC də 838 868 manatla iri nizamnamə kapitallı müəssisədir, satışa çıxarılan 30% səhmi cəmi 125 992 manat qiymətləndirilib. “Zərdab Aqrotexservis” 962 055 manatlıq nizamnamə kapitalı və 144 316 manat start qiyməti ilə satışa təklif olunub.

Müəssisələr bu yolla dəyərsizləşdirilir

Göründüyü kimi, bütün dövlət əmlakları real dəyərindən iki dəfə ucuz qiymətə satışdadır. Bu müəssisələrin çoxu daha əvvəl də dəfələrlə hərracda olub, amma onlara müştəri çıxmayıb. Hər dəfə də müəssilərin qiymətini eyni şəkildə yarıbayarı aşağı təklif ediblər. Yəni, uzuclaşdırma mərhələli olmayıb.

“Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”-na əsasən dövlət əmlakının satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya əmlak satılmadıqda), satıcı tərəfindən üçüncü hərracda həmin əmlakın start qiyməti ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır. Bu qaydada satılmayan dövlət müəssisələri müəyyən olmuş formada ləğv edilir və onun əmlakı (tikililər, avadanlıq, qurğular və sair) ayrı-ayrılıqda yuxarıda göstərildiyi kimi hərrac vasitəsilə satılır. Çıxarılan müəssisələrin çoxu ilkin hərracda satılmır. Onların əksəriyyəti qiymətin aşağı düşməsi üçün növbəti hərraclara saxlanılır. Komitənin tələbat olmadığı halda hər dəfə yüzə yaxın müəssisəni hərraca çıxarıb onun beşdə birini satmağı o deməkdir ki, növbəti hərraclarda yerdə qalan dörd hissənin qiyməti aşağı düşür. Bu proses hər dəfə təkrarlanır və son nəticədə müəssisələr ləğv olunur, əmlakı isə ayrı-ayrılıqda “su qiyməti”-nə satılır. Beləliklə də ASC-lərin istifadəsində olan torpaqların bir qrupun əlində cəmləşməsi və ya dəyərindən çox ucuz satılması problemsiz təmin olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...