Bütün ölüm hökmlərinin 89%-i üç ölkənin payına düşür - İran, Pakistan və Ərəbistan
Dünyada bütün ölüm hökmlərinin 89%-i üç ölkənin payına düşür. Bu gün BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində ölüm hökmü və onun qurbanlarına həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib.
Müzakirələrin moderatoru BMT Baş katibinin insan haqları üzrə köməkçisi İvan Şimonoviç olub. O bildirib ki, hazırda dünyada ölüm hökmünə olan münasibəti çətin ki, birmənalı adlandırmaq olar:
"Bəşər tarixində heç vaxt ölüm hökmünün bu qədər ölkə tərəfindən ləğv edildiyi hal olmayıb. Digər tərəfdən, əgər biz 2014 və 2015-ci illərin göstəricilərini müqayisə etsək, o zaman qeydə alınan edamların sayının əhəmiyyətli dərəcədə artdığını görərik. Yəni qarışıq tendesiyalardan danışmaq olar".
BMT-nin məlumatına görə, dünyada təqribən 170 ölkə var ki, ya ölüm hökmünü ləğv edib, ya da heç zaman onu tətbiq etməyib. Bununla yanaşı, bütün ölüm hökmlərinin 89 faizi üç ölkədə – İran, Pakistan və Səudiyyə Ərəbistanında həyata keçirilir.
938 dəfə oxundu