“Türkiyə Suriya və İraqla bağlı qərar qəbulu prosesindən kənarda qala bilməz”

“Türkiyə Suriya və İraqla bağlı qərar qəbulu prosesindən kənarda qala bilməz”


“Türkiyənin Suriya məsələsində mövqeyi öncədən bəllidir. Biz problemin Suriyanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyirik. Əhalisi 22 milyon nəfər olan Suriyada 10 min İŞİD terrorçusu ilə bacarılmaması şübhələrə yol açır”.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin payız sessiyasının açılışındakı çıxışında söyləyib.

R. T. Ərdoğan bildirib ki, İŞİD müəyyən qüvvələrin maraqlarını həyata keçirmək üçün bir oyuncaq vasitədir: “İraqda da İŞD-in fəaliyyəti ilə bağlı eyni yanaşma ortadadır”.

Türkiyə prezidenti deyib ki, əgər 6 ildə Suriyada 600 min insan ölübsə, bu, sözün bitdiyi yerdir: “Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” Suriyada bütün terror təşkilatlarına qarşı başlanan bir hərəkatdır. Cerablus şəhəri azad ediləndə şəhərdə 2 min nəfər vardı, indi şəhərin əhalisi 40 min nəfərə çatır. Biz illərdir ki, Suriyada təhlükəsiz, uçuş qadan edilən zonanın yaradılması təklifi ilə çıxış edirik. Bu təklifə qarşı çıxanlar olmasa da, dəstək də görmədik. “Fərat qalxanı" əməliyyatı ilə təhlükəsiz zona ilə bağlı ideyamız faktiki həyata keçməyə başlayıb. “Fərat qalxanı” əməliyyatı ilə Suriyada İŞİD qarşısına başqa terror təşkilatı PKK-nın Suriya qolu PYD-ni çıxarmağa çalışanların tezisi əhəmiyyətini itirib”.

R. T. Ərdoğan qeyd edib ki, Mosul əməliyyatının 400 min türkmənin yaşadığı Telaferi də əhatə etməsi vacibdir: "Biz türkmənlərin də dəstəyi ilə Mosulun azad ediləcəyinə inanırıq. Türkiyə Suriya və İraqla bağlı qərar qəbulu prosesindən kənarda qala bilməz. Suriya ilə 900, İraqla 300 km-dən çox sərhədimiz var. Başqa ölkələrin Suriya və İraqla sərhədləri yoxdur, orada qərar vermək istəyirlər. Biz burada qərar verilməsi prosesindən kənarda qala bilmərik, qalmayacağıq”.

Türkiyə prezidenti ABŞ-ın Suriyada PKK-nın Suriya qoluna ikili yanaşması olduğunu vurğulayıb: “ABŞ hakimiyyətində müəyyən qisim Türkiyənin bu terror təşkilatı ilə bağlı mövqeyini bölüşür, bir qisim isə PYD ilə əməkdaşlığı davam etdirir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
776 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...