Belçika panikada: Terrorçu ovu davam edir
Belçika polisi antiterror əməliyyatı vaxtı 16 nəfəri həbs edib, amma Paris hücumlarında şübhəli bilinən Salah Abdeslam hələ də azadlıqdadır. Bu barədə Belçika hakimiyyət orqanları bildirib. "Bazar günü polis Brüssel və Şarlerua şəhərində 22 reyd həyata keçirilib" - deyə federal prokurorluğun sözçüsü bildirib. Belçika paytaxtında sərt təhlükəsizlik tədbirləri həyata keçirilir. Bazar ertəsi metropoliten, məktəb və universitetlər bağlı qalıb.
Belçikalı prokuror Erix van der Sipt mətbuat konfransında deyib ki, polis Molenbeekdə əməliyyat zamanı bir maşına iki dəfə atəş açıb və sonradan həbs olunan bir şübhəli şəxsi yaralayıb. E.van der Sipt bildirib ki, bazar günü axtarışları zamanı silah və ya partlayıcı maddələr tapılmayıb. Parisdə Fransa prezidenti Fransua Ollandla danışıqlar aparan is Böyük Britaniyanın baş naziri David Kameron deyib ki, iki ölkə beynəlxalq terrorçuluğa qarşı əməkdaşlığın dərinləşdirilməsinə razılaşıblar.
Bu əməkdaşlıq məlumat paylaşması və hava uçuşlarına dair informasiya mübadiləsini əhatə edir. Noyabrın 13-də baş tutmuş Paris hücumları zamanı 130-dan artıq insan həlak olub və təxminən 350 nəfər xəsarət alıb. Parisdə 130 nəfərin ölümü ilə nəticələnmiş hücumda şübhəli bilinən Abdeslamın axtarışına görə, istirahət günlərində Brüssel ciddi izolyasiyada olub. Belçikanın baş naziri Şarl Mişel jurnalistlərə bildirib ki, hakimiyyət "Paris hücumlarına bənzər, bir neçə məntəqədə eyni zamanda bir neçə hücumun baş verə biləcəyindən" ehtiyat edir. Bundan öncə Belçika daxili işlər naziri Jan Jambon Belçikaya olan təhlükənin tək Abdeslamla əlaqələndirilmədiyini demişdi.
İstirahət günlərində Brüsseldə əsgərlər polis patrullarına qoşulublar. Əhali rəsmi xəbərdarlıqlara qulaq asdığı üçün, adətən, səs-küylü paytaxtda bir çox ictimai yerlər boş olub. Parisdə özünü partladan Brahim Abdeslam və axtarışda olan şübhəli Salah Abdeslamın qardaşı Məhəmməd Abdeslam Belçika televiziyasına müsahibə verərək qaçaq qardaşını təslim olmağa çağırıb. Belçika indiyə qədər Paris hücumları ilə əlaqədar üç nəfəri həbs edib. Hadisəyə görə İŞİD məsuliyyəti üzərinə götürüb.
Fransa mətbuatının bildirdiyinə görə, hücumlar 9 silahlı tərəfindən həyata keçirilib və onlardan 7-si cümə günü gecə ölüb.
1049 dəfə oxundu