Barəsində şikayət edilən məktəb direktorunun bacısı da direktordur FOTO
Bu ilin fevral ayında töhmət alan Bakı şəhərində fəaliyyət göstərən 49 nömrəli "İntellekt” məktəb-liseyinin direktoru Təhminə Əsədova ilə bağlı sosial şəbəkələrdə daha bir şikayət yayılıb.
Qaynarinfo-nun məlumatına görə, iddia edilib ki, məktəbin direktoru Təhminə Əsədova orada xanədanlıq quraraq, qohumlarını təhsil ocağına işə düzəldir, eyni zamanda, pul qarşılığında şagird yerini satır. Nəticədə orada təhsil almaq istəyən şagirdlər kənarda qalırlar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən oxu.az-a bildirilib ki, 49 nömrəli məktəb-liseyin direktoru haqqında qeyd edilən məsələ ilə əlaqədar idarə tərəfindən müvafiq araşdırma aparılır: "Araşdırmanın nəticələri barədə məlumat veriləcək. Qeyd olunan şagird təhsilini öz sinfində davam etdirəcək”.
Qeyd edək ki, bu ilin fevral ayında da 49 nömrəli "İntellekt” məktəb-liseyinin ingilis dili müəllimi Könül Həsənova rəhbərlik etdiyi sinfin valideyn qrupuna səs ataraq, valideynlərdən pul tələb edib. BŞTİ tərəfindən aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib.
Qaynarinfo-nun araşdırmasına görə, 2000-ci ildən 49 nömrəli məktəb-liseyin direktoru olan Təhminə Əsədovanın bacısı Əsədova Tərminə Ağəli qızı da Bakıda məktəb direktorudur. O, şəhid Tərlan Heybətovun adını daşıyan 126 nömrəli tam orta məktəbin direktorudur.
Ataları Əsədov Ağəli Abduləli oğlu 1915-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında doğulub və yüksək vəzifələrdə çalışıb. Ağəli Əsədovun 9 övladı var.
506 dəfə oxundu