"Avtoş" "Porsche" ilə Bakını qarışdırdı, polislər xəsarət aldı
Bakıda 10 YP 457 nömrəli avtomobillə xidmət aparan yol polisləri 90 XU 555 dövlət nömrə nişanlı "Porsche Panamera"ya "saxla" əmri veriblər. Lakin "Porsche Panamera"nın sürücüsü avtomobili saxlamaq əvəzinə, ərazidən uzaqlaşmağa çalışıb.
Aznews.az xəbər verir ki, məhz bundan sonra Bakının mərkəzi küçələrində əsl "qaçdı-tutdu" oyunu başlayıb. Amma "oyun" pis hadisə ilə sona çatıb. Belə ki, sürücünü saxlamağa çalışan Mirzəli adlı yol polisi xidməti avtomobilindən düşərək "Porsche Panamera"nın qarşısına keçib. Bu zaman avtoxuliqan polisi vurub və onun ayağının üstündən keçib.
Bundan sonra köməyə çağırılan 10 YP 317 və 10 YP 589 nömrəli yol polisi avtomobillərində xidmət aparan polislərin köməyi ilə "Porsche Panamera"nı saxlamaq mümkün olub. Saxlanılan sürücü avtomobildən düşərək, polislərlə əlbəyaxa olub, onların birinin uniformasını tamamilə cırıb. Sürücü zərəsizləşdiriləndən sonra məlum olub ki, o sərxoş imiş.
Saytın araşdırmasına görə, "Porsche Panamera" avtomobili Məmmədov Saqif Kamil oğlunun adınadır. O, avtomobili etibarnamə ilə Həsənov Vüsal Nizami oğluna verib. Polislə "oynayan" şəxs də elə Vüsal Həsənov olub.
Məsələ ilə bağlı əlavə məlumat əldə etmək üçün sayt DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlayıb. Lakin V.Əsədov məzuniyyətdə olduğu üçün məsələdən xəbərsiz olduğunu və bu barədə açıqlama verə bilməyəcəyini deyib.
1396 dəfə oxundu