Hacıbala Abutalıbov: “Yanan binanın sakinlərinə bu gün kompensasiyalar veriləcək”

Hacıbala Abutalıbov: “Yanan binanın sakinlərinə bu gün kompensasiyalar veriləcək”

Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan vəsait bu gün yanğın baş verən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydiyyatda olan 56 ailə üçün açılacaq bank hesablarına köçürüləcək”.

Bunu APA-ya açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov söyləyib. H. Abutalıbov deyib ki, bu gün Bakı şəhər İcra Hakimiyyətində binanın sakinlərini qəbul edəcək: “Pul vəsaitləri bankda ailə üzvlərinin birinin adına köçürüləcək. Bunun üçün ailənin yaşı 18-dən yuxarı olan digər üzvləri müvafiq arayış verməlidirlər. Yanan binanın yaxınlığında Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinin həyətində “ASAN xidmət” səyyar xidmət göstərir, müraciət edən sakinlər üçün belə müvafiq arayışlar hazırlanaraq verilir. Yəni sakinlərin bu arayış üçün heç yerə getməyə ehtiyacları yoxdur, elə orada “Asan xidmət” yaxınlaşsalar, kifayətdir. Elə bu gün də dərhal pul vəsaitləri bank hesabına götürüləcək, müvafiq arayışla ailədən ata, yaxud başqa bir nəfər bu gün arayışla bankdan həmin vəsaitləri ala biləcəklər. Bank xərclərini də Bakı şəhər İcra Hakimiyyəti öz üzərinə götürüb”.

H. Abutalıbov binada kirayə yaşamış, xəsarət almış və maddi ziyan çəkmiş şəxslərlə bağlı məsələyə də aydınlıq gətirib: "Hazırda yanmış binada olan sakinlər, həm də kirayədə yaşamış insanlar hüquq-mühafizə orqanlarında onlara dəymiş ziyanla bağlı ifadə verirlər. Hüquq-mühafizə orqanlarının bununla bağlı verdikləri arayışları məhkəmə də təsdiqləməlidir. Buna müvafiq olaraq dəymiş ziyan ödəniləcək. Kirayədə yaşamış və yanğın zamanı xəsarət almış şəxslərə də Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan kompensasiya veriləcək. Bunun üçün kirayədə yaşamış insanlarla mənzilin sahibi arasında kirayə ilə bağlı müqavilə bağlanmalı, bu müqavilə notariusda təsdiqlənməli, yaxud qonşular həmin şəxsin o binada kirayədə yaşadığını notarius yolu ilə təsdiqləməlidirlər. Bu halda kirayədə yaşayan və xəsarət alan şəxsə müvafiq kompensasiya veriləcək. Kirayədə yaşayanların mülkiyyətinə dəyən ziyana gəlincə, bununla bağlı ev sahibləri ilə kirayədə yaşayanlar arasında razılaşma əsasında müqavilə imzalanmalıdır. Belə müqavilə imzalanıb notariusda təsdiqlənəcəyi halda Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan 20 min manat məbləğində birdəfəlik yardım ev sahibi və kirayədə yaşayana aralarındakı razılaşmaya uyğun olaraq veriləcək. Əsas odur ki, ev sahibi ilə kirayədə yaşayan arasında razılaşdırılan müqavilə notariusda təsdiqlənsin”.


H. Abutalıbov onu da deyib ki, Nazirlər Kabinetinin sərəncamında qeyd olunan kompensasiyalar ilkin yardımlardır. O, bir daha evlərin dövlət vəsaiti hesabına təmir olunacağını, mebel və əşyalarla təmin ediləcəyini qeyd edib.


Xatırladaq ki, dünən Nazirlər Kabineti Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı sərəncam verib. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 may tarixli 1229 nömrəli Sərəncamının 2-ci hissəsinin icrası ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib. Çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün 3 milyon manat vəsait ayrılıb. Bu məsələlərin və binanın sakinlərinə kirayə pulu ödənilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə cəmi 5 milyon manat məbləğində vəsait ayrılıb. Maliyyə Nazirliyinə tapşırılıb ki, bu vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin. Yerinə yetiriləcək işlərin təxirə salınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə veriləcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1663 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...