SOCAR: “Cənub Qaz Dəhlizi” siyasi yox, ciddi kommersiya layihəsidir
“Cənub Qaz Dəhlizi” bütövlükdə siyasi yox, ciddi kommersiya layihəsidir”.
“APA-Economics” xəbər verir ki, bunu “EurActiv” nəşrinə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib. O bildirib ki, Azərbaycan bu layihəni beynəlxalq tərəfdaşları ilə birgə reallaşdırır: “Siz bu xəritədə Asiya və Avropa, dünyanın qərb və Oriental adlandırdığımız hissəsindən olan müvafiq şirkətləri görə bilərsiniz. Eləcə də, bu layihədə həmçinin “Şahdəniz-2” layihəsinin səhmdarlarından olan Rusiyanın “LUKoil” şirkəti, İranın NİKO şirkəti, Britaniyanın BP şirkəti, Malayziyanın Petronas şirkəti və Türkiyənin TPAO şirkəti iştirak edir. Avropalı alıcılara gəlincə, onların arasında “Shell”, “Qaz de Frans”, İspaniya təbii qaz, İtaliyanın ENEL və “Hera” şirkətləri üstünlük təşkil edir.
SOCAR rəsmisi qeyd edib ki, layihənin reallaşdırılmasında “reklam rol oynamır, işlər biznesin prinsipinə əsaslanır”.
“Layihənin reallaşdırılmasında inam olmasaydı, ona 45 milyard dollarlıq sərmayə yatırılmazdı. “Şahdəniz-2” mərhələsində qaz hasilatı üçün sonuncu tarix kimi 2018-ci il götürülüb. 2018-ci ildə mavi yanacaq Türkiyəyə, Əskişəhərə çatacaq. 2020-ci ilin əvvəlində bizim müştərilərimiz Yunanıstan, Bolqarıstan və İtaliya “Şahdəniz” yatağından hasil olunacaq qazı almağa başlayacaq”.
1424 dəfə oxundu