"İlk Avropa Oyunları Azərbaycanla bağlı bir çox mifləri dağıdacaq"

"İlk Avropa Oyunları Azərbaycanla bağlı bir çox mifləri dağıdacaq"

"Bu gün müzakirə etdiyimiz məsələ nəinki burada əyləşən hüquq müdafiəçiləri, o cümlədən hər bir Azərbaycan vətəndaşı üçün vacibdir. Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına artıq az vaxt qalıb və bununla bağlı çox ciddi hazırlıq işləri aparılır".

"Trend"-in məlumatına görə, bunu Azərbaycan Demokratiyanın İnkişafı və İnsan Haqları Müdafiəsi Fondunun sədri Murad Sadəddinov Azərbaycanın nüfuzlu hüquq müdafiəsi təşkilatlarının rəhbərlərinin iştirakı ilə ilk Avropa Oyunlarına dair keçirilən "dəyirmi masa"da bildirib.

M.Sadəddinov deyib ki, Avropa Oyunlarından fürsət kimi istifadə edərək Azərbaycanla bağlı tənqidi fikirlər səsləndirilir: "Bu torpaqda biz anadan olmuşuq, biz yaşayırıq və bu ölkənin bütün problemləri bizim problemlərimizdir. Bu gün şəxsən məni narahat edən bir məsələ var. Birinci Avropa Oyunları ilə bağlı tənqidi fikirlər söylənilir və bu tənqidi fikirlərin əksəriyyəti Azərbaycanda insan haqlarının pozulması ilə bağlıdır. Bu sahə bizim fəaliyyət sahəmizlə bağlı olduğu üçün məndə bir narahatlıq yaranıb. Əlbəttə, bu sahədə müəyyən problemlər var və biz də bu problemlərin üzərində daim işləyirik. Lazım gələndə beynəlxalq təşkilatların da imkanlarından istifadə etmişik, dövlət qurumları ilə münasibətlər qurmuşuq, müraciətlər etmişik, bu sahədə naliyyətlər əldə etmişik və edirik. Bəzən xaricdən olan müxtəlif tənqidlər bizim işimizə ziyan da gətirir".

Hüquq müdafiəçisi deyib ki, ilk Avropa Oyunları ilə Azərbaycanda tarix yazılacaq: "Xristian Avropası öz ilk Avropa Oyunlarını müsəlman Azərbaycana həvalə edib. Bu gündən sonra Avropa Oyunları harada keçiriləcəksə, bu Oyunların məşəli bizim atəşkəsdən alovlandırılıb aparılacaq. Yəni bu, Azərbaycan üçün tarixi bir məsələdir".


M.Sadəddinov Azərbaycana qarşı qarayaxma kampaniyasına cavab olaraq daha sonra deyib: "20 Yanvar hadisəsindən sonra Azərbaycanın ədalətli səsini dünyaya çatdıra bilmirdik. Biz heç kimə deyə bilmirdik ki, gəlib bizi tanklarla qırıb getdilər. Heç kəs buna inanmırdı. 92-ci ildə torpaqlarımız gedəndə biz öz ədalətli səsimizi heç kimə çatdıra bilmirdik. Onda biz əfəl olanda Azərbaycan yaxşı ölkə idi, heç kimin işi yox idi, amma Azərbaycan öz mövqeyini beynəlxalq aləmdə ortaya qoyanda, bir çox beynəlxalq güclərlə razılaşmayanda, artıq Azərbaycana qarşı müxtəlif yollardan istifadə etməyə başlayırlar".

Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycan üçün yaxşı bir qlobal PR layihəsidir: "Bəzi adamlar ki, bizim bədnam qonşularımızın köməyi ilə Azərbaycanı tənqid edirlər, azərbaycanlıları vəhşi insanlar kimi göstərirlər ki, Qarabağı bizdən ayırsınlar. Onlar buna kifayət qədər pul xərcləyiblər. Onlar istəmirlər ki, yaratdıqları mif dağılsın. Avropa Oyunları Azərbaycanla bağlı bir çox mifləri dağıdacaq. İnsanlar gəlib baxacaq, reallıqları görəcəklər".

Qeyd edək ki, Azərbaycanın nüfuzlu hüquq müdafiəsi təşkilatlarının təşəbbüsü və Trend İnformasiya Agentliyinin informasiya dəstəyi ilə ilk Avropa Oyunları ilə bağlı "dəyirmi masa" keçirilib.

"Trend" İnformasiya Agentliyinin konfrans zalında keçirilən "dəyirmi masa"da müxtəlif mövqedə olan hüquq müdafiəsi təşkilatlarının rəhbərləri, o cümlədən Azərbaycan Demokratiyanın İnkişafı və İnsan Haqları Müdafiəsi Fondu, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı, "Humanitar Tədqiqatlar" İctimai Birliyi, Azərbaycan İnsan Haqları Mərkəzi, "Hüquqi Yardım" İctimai Birliyinin rəhbərləri iştirak ediblər.

"Dəyirmi masa"da aparılan müzakirələrdən sonra müraciət qəbul olunub. Müraciətdə Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası pislənilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1391 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...