"Avropanın mötəbər qurumları həmin qüvvələrin təsiri altında hərəkət edir"
"Azərbaycanın inkişafından qısqanclıq keçirən, bunu görmək istəməyən qüvvələr var. Çox təəssüf hissi ilə deyirəm ki, Avropanın mötəbər qurumları həmin qüvvələrin təsiri altında hərəkət edir".
APA-nın məlumatına görə, bunu baş nazirin müavini, YAP sədrinin müvini - icra katibi Əli Əhmədov deyib.
İyunun 10-da Avropa Parlamentində Azərbaycanla bağlı planlaşdırılan dinləmələrə toxunan Ə. Əhmədov buna təəssüfləndiyini qeyd edib. "Müzakirələrdə hər hansı qətnamə qəbul olunacaqsa belə, güman edirəm ki, bunun Azərbaycana hər hansı təsiri olmayacaq. Bu addımlar sadəcə bizim münasibətlərimizə, Azərbaycanla Avropa İttifaqı, Azərbaycanla Avropa Parlamenti arasında münasibətlərə təsir edə bilər. Biz dünyaya, Avropa İttifaqına inteqrasiya etməyə hazır olan ölkə olduğumuzu dəfələrlə sübut etmişik, bu istiqamətdə bəyanat vermişik.
Amma kimsə bizə nəyisə zorla qəbul etdirmək istəyirsə, bu, düzgün siyasət deyil. Azərbaycan indi elə bir səviyyəyə çatıb ki, ona kimsə öz iradəsini zorla qəbul etdirə bilməz. Bu sıraya mötəbər təşkilatlar da daxildir", - deyə Ə. Əhmədov vurğulayıb.
O, Azərbaycanın ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyini qeyd edib: "Azərbaycan Avropanın idman tarixinə öz adını yazacaq. Hesab edirəm ki, Avropanın tarixinə də məhz bu yazılacaq. Avropa Parlamentinin qəbul etdiyi qətnamə isə elə kağız üzərində qalacaq. Belə hallar əvvəllər də olub. Azərbaycanda keçirilən "Eurovision" ərəfəsində də bunu etmişdilər, ancaq Azərbaycanın bu müsabiqəni keçirməsinə heç bir təsir göstərə bilmədi".
1276 dəfə oxundu