"İqbal Ağazadə buna getməyə məcbur olub" - 125-lərin üzvü
125-lər Siyasi Klubunun üzvü, vətəndaş cəmiyyətinin tanınmış siması Günel Səfərova millət vəkili İqbal Ağazadənin Parlamentin məlum bəyanatına qoşulması ilə bağlı dəyərləndirmə edib. Günel xanım bu addımı təqdir etməsə də, bu addıma görə İqbal Ağazadənin qınaq obyektinə çevrilməsini də doğru hesab etmir.
Müsahibəni oxuculara təqdim edirik:
- Günel xanım, gündəmin əsas siyasi məsələlərindən biri Milli Məclisin Avropa Parlamentində keçirilən dinləmələrə etiraz bəyanatına İqbal Ağazadənin də imza atmasıdır. Bu olaya münasibətiniz necədir?
- İqbal Ağazadə millət vəkili və partiya sədri kimi taktiki və strateji addımlarını özü müəyyənləşdirir. Əgər bu məsələdə düz olmayan bir şey varsa, ziyanın da özü çəkəcək, yaxud ümummilli məsələyə münasibət baxımından hansısa sənədin imzalanmasını mən faciə hesab etmirəm. Düşünürəm ki, ümummilli maraqlarla bağlı hansısa sənədin imzalanması mümkündür. Həmin bəyanatda söhbət konkret nədən gedir?
- Avropa Parlamentində oyunlar və insan haqları mövzusunda müzakirədir…
- Mənim bildiyim qədər İqbal Ağazadə bəyanatın Avropa Oyunları ilə bağlı hissəsinə etiraz edib, qalan məsələlərə etirazı yoxdur. Avropa oyunları ilə bağlı məsələnin müəyyən tərəfləri var, bu son dərəcə incə məsələdir və İqbal Ağazadə də xalqla işlədiyindən siyasətini xalqa hesablayır. Bilirsiniz, Avropa Oyunları məsələsi vaxtilə Fransada baş verən Dreyfus olayına bənzəyir, o zaman Fransa cəmiyyəti qarşı-qarşıya dayanmışdı, mövqelər müxtəlif idi.
- Ancaq İqbal Ağazadənin bəyanatı imzalaması “125-lər” Siyasi Klubunda birmənalı qarşılanmayıb və bir nəfər istefa verib…
- “125-lər” Siyasi Klubunda onlarla adam var, əgər bir üzv istefa veribsə, bu o demək deyil ki, adamlar müəyyən siyasətlə razılaşa, razılaşmaya da bilərlər. Bilirsiniz, İqbal Ağazadə və Ümid Partiyası ağır bir ictimai prosesin yükünü öz çiyinlərində aparıblar və bu gün də aparmaqda davam edirlər. Onun fəaliyyəti hansısa birgə imzalanmış sənədlə qiymətləndirilə bilməz, ictimai-siyasi proseslərdə heç bir qurum səhvlərdən sığortalanmayıb. Bilirsiniz, Azərbaycan ictimai baxışında qəribə bir qiymətləndirmə var, hər hansı bir şəxs, siyasi qurum 10 dəfə cəmiyyətin maraqları nöqteyi-nəzərdən onların istədikləri addımı atır, 1 dəfə isə müəyyən mübahisəli addımlar atır. Cəmiyyət çox asanlıqla 10 addımın üstündən xətt çəkməyə hazırdır. Artıq KİV-lərdə İqbal Ağazadənin də çıxışından bəlli oldu ki, müəyyən məsələlərə görə o buna getməyə məcbur olub.
-Məsələn nəyə görə?
-Mənim bildiyimə görə milli və dövlət məsələlərinə görə.
-Ancaq Avropa Parlamentində müzakirə Azərbaycanda insan haqlarının tənqidinə həsr olunmuşdu…
- Mənim bildiyimə qədər İqbal Ağazadə siyasi məhbus məsələsində mövqeyini həmişə açıq deyib, etiraz Avropa Oyunlarını boykotla və idmanı siyasətə qatmaqla bağlı olub. Bilirsiniz, olmayan günahı bu insanın üzərinə qoymaq lazım deyil. Hətta burada səhvə yol verilibsə belə, bu səhvdən yapışıb, uzun müddət müxalif ideyanı yaşadan şəxsə və partiyaya qarşı təbliğat aparmaq doğru deyil.
-Fakt budur ki, “125-lər”dən istefa verən də Parlamentin bəyanatına imza atmağı qəbulolunmaz hesab edir, o cümlədən Xalisə Şahverdiyeva…
-Tənqid sağlamdırsa, bundan ehtiyatlanmaq lazım deyil. İkincisi partiya və sədri akvarium içində deyil, həyatda fəaliyyət göstərir. Hər bir partiyanın tarixinə baxanda doğru və yanlış məqamları da var. Bundan faciə düzəltmək lazım deyil.
1320 dəfə oxundu