Natiq Əliyev TAP layihəsi üçün siyasi dəstəyin vacibliyindən danışdı

Natiq Əliyev TAP layihəsi üçün siyasi dəstəyin vacibliyindən danışdı


Energetika naziri Natiq Əliyev ABŞ-nı Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib. Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə regional, Avropa və qlobal səviyyədə enerji təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ-ın etibarlı enerji istehsalçısı və təchizatçısı kimi Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib.

N.Əliyev “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması istiqamətində işlərin qrafikə uyğun aparıldığını bildirib. Bu layihə üzrə Məşvərət Şurasının fevralın 12-də Bakıda keçirilən iclasının əhəmiyyətini xüsusi vurğulayıb. Həmin toplantının layihənin siyasi səviyyədə müzakirəyə çıxarılmasına, bütün tranzit ölkələrdə yarana biləcək mümkün problemlərin müzakirəsinə və çıxış yollarının birgə axtarılmasına şərait yaratdığını diqqətə çatdırıb. Energetika nazirinin sözlərinə görə, Azərbaycan enerji layihələri ilə əlaqədar üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Ölkəmizin bu sahədə möhkəm hüquqi bazaya, güclü tərəfdaşlara və imkanlara malik olması buna şərait yaradır.

N.Əliyev TAP ətrafında müşahidə olunan problemlərdən də söz açaraq ABŞ-ın bu məsələdə mövqeyini yüksək qiymətləndirib: “BTC nümunəsi də təsdiqləyir ki, iri enerji layihələrinin həyata keçirilməsi üçün siyasi dəstək çox vacibdir. Cənub Qaz Dəhlizi, onun bir hissəsi olan TAP-ın reallaşması üçün də belə dəstək mühüm əhəmiyyət kəsb edir”. ABŞ səfiri R.Sekuta isə bildirib ki, rəsmi Vaşinqton qazın hasilatı və nəqlində Azərbaycana köməyini bundan sonra da davam etdirəcək.

Görüşdə Yunanıstanda cərəyan edən hadisələrin enerji layihələri və dünya bazarında neftin qiymətinə təsiri, Transxəzər qaz kəməri və “Türk axını” layihələri ətrafında da geniş fikir mübadiləsi aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1317 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...